Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Xaşxana açılışından avtomobil açılışına gedirlər, oradan da çıxıb telefon təqdimatına…”



Valid Əliyev: “Pul qarşılığında pis məhsula yaxşı deyib auditoriyanı aldadırlar”

 

Son bir neçə ildə Azərbaycanda məşhurlaşan sahələrdən biri də bloqerlikdir. Bloqerlər maraqlı kontent hazırladıqca izləyici sayını artırırlar. Nəticədə daha çox gəlir əldə edə bilirlər.

 

Bloqerlər öz sahələrinə görə fərqlənirlər. Bu sahələrdən biri də texnobloqerlikdir. Azərbaycanda texnobloqerlik ilə çox az şəxs məşğul olur. Hazırda onlar arasında ən çox tanınan və izləyici qazanmağı bacaranlardan biri Valid Əliyevdir.

 

V.Əliyev müsahibəsində maraqlı məqamlara toxunub.

 

- Öncə başlayaq texnobloqerlikdən. Azərbaycanda kifayət qədər savadlı texnobloqerlər var?

 

- Azərbaycanda ümumiyyətlə texnobloqerin sayı çox azdır. Ölkədə cəmi 2-3 nəfər texnobloqer var. Bu gün Azərbaycanda texnobloqerlərin səviyyəsi məni qane etmir. Buna müəyyən səbəblərim var.

 

- Hansı səbəblər?

 

- Başlıca səbəblərdən biri “Youtube” platformasının Azərbaycan bloqerlərinə normal pul ödəməməsidir. Və əlbəttə ki, texnobloqinq geniş tamaşaçımıza yumor, kriminal qədər maraqlı deyil. “Youtube”da Azərbaycan üzrə trendlərə baxmaq kifayətdir.

 

- “Youtube” niyə bizi ayırır? Başqa ölkələrin bloqerlərinə nisbətdə bizimkilərə niyə az pul verir? 

 

- Birinci səbəb odur ki, bizim bloqerlər yaxşı kontent hazırlamaqda çətinlik çəkirlər. İkinci səbəb isə, hətta yaxşı kontent belə, tamaşaçılar tərəfindən baxışsız qalır. Bu da inkişaf üçün nə vəsait, nə də stimul gətirir. Nəticədə keyfiyyətli kontent azalır. Güman edirəm ki “Youtube” Azərbaycanı hələ də inkişaf etməyən bir region kimi qəbul edir. Burada Azərbaycan ərazisində istifadə olunan dilin potensial daşıyıcıları, yəni potensial reklam auditoriyasının az olması, onlayn reklam bazarının zəif olması və sair rol oynayır.

 

- Bir müddət öncə trendlər barədə sizin bloqlarınız da var idi. Son zamanlar isə bu mövzuda videolar çəkmirsiniz. Trendlər yaxşılaşıb, yoxsa başqa səbəb var?

 

- Bizdə tənqidi heç vaxt sevməyiblər. Üstəgəl son zamanlar bir çox məşhur ifaçıların kanallarını idarə edən bir şirkət heç bir səbəb olmadan, hətta videoda istifadə olunmuş bir neçə kadra görə, guya müəllif hüquqları sahibi kimi tənqidi videoları “Youtube”a şikayət edərək pozdurur. Hətta bir neçə nəfər bu problemlə qarşılaşıb.

- Texnobloqer olmaq üçün məhsulu yoxlamaq lazım olur. Bunun üçün həmin məhsulu ya almaq, ya da şirkətdən alaraq reklam müqabilində yoxlamaq lazımdır. Reklam olanda da mənfi bir məlumat vermək olmur. Siz o zaman məhsulları necə yoxlayırsınız? Son zamanlar müğənnilər, aparıcılar da texnobloqerlik edirlər. Bu, normaldır?

 

- Başqa sahələrin insanlarının texnobloqer olması normaldır. Bloqer olmaq üçün bu sahə üzrə universitet oxumağa ehtiyac yoxdur. Hər hansı mövzuda biliklərini və təcrübələrni insanlarla paylaşa bilirsənsə, deməli bloqer ola bilərsən. Əsas odur, səmimi və faydalı olasan. Əgər qazanc əldə etmək üçün bloqer olacaqsansa, olma. Çünki insanların etibarını itirəcəksən və səni izləyən olmayacaq. Təəssüflər olsun ki, Azərbaycanda bloqerlik sahəsində də təsadüfi insanlar var. Bəzi bloqerlər isə harda aş orda başdırlar. Yəni özləri də bilmir ki, nə sahə üzrə bloqerdirlər. Xaşxana açılışından çıxıb avtomobil açılışına gedirlər, oradan çıxıb telefon təqdimatına təşrif buyururlar. Təəssüflər olsun ki, biznes sahəsində olan insanlar da anlamırlar ki, telefon təqdimatına texnobloqerləri cəlb etməlisən, fashion, food bloqerləri yox. Onu da qeyd edim ki, mənim abunəçilərim başqasına nisbətən az ola bilər, amma aralarında təsadüfi adam yoxdur. Məni doğrudan da izləmək istəyənlərdir.

 

- Siz aparıcı Tolikin texnobloqerlik etməsinə mənfi reaksiya vermişdiniz…

 

- Mən ironiya ilə status yazmışdım. Mənim onunla işim yoxdur. Onlar 100 telefon da nümayiş etdirsələr, texnobloqer sayılmırlar.

 

- Texnobloqer olmaq üçün məhsulu yoxlamaq lazım olur. Bunun üçün həmin məhsulu ya almaq, ya da şirkətdən alaraq reklam müqabilində yoxlamaq lazımdır. Reklam olanda da mənfi bir məlumat vermək olmur. Siz o zaman məhsulları necə yoxlayırsınız?

 

- İnkişaf etmiş ölkələrdə şirkətlər özləri maraqlıdır ki, yeni məhsulları istehsal olunan kimi o məhsulları bu sahə üzrə savadı olan bloqerlərə versinlər. Bloqerlər də o məhsulları test edib cavab versinlər. Elə bloqerlər var ki, onlar pul müqabilində rəy bildirirlər. Pul qarşılığında da pis məhsula yaxşı deyib auditoriyasını aldadır. Hər kəsin öz mənəvi prinsipləri var. O ki qaldı mənə, təqdim olunan məhsullar olanda çalışıram ki, izləyicilərimə məhsul haqqında düzgün məlumatlar çatdırım. Kiminsə mənə dediyi sözləri izləyicilərimə demirəm. Ancaq öz fikirlərimi bölüşürəm. Bir sözlə, şirkətlər mənə məhsul verəndə öncədən razılaşdırıram ki, neqativ fikirlərim də ola bilər. Onlar razılaşırsa, mən məhsulu test edirəm. Bir müddət öncə bir şirkət mənə təklif etmişdi ki, onların istehsal etdikləri smartfon ilə digər şirkətlərin istehsal etdikləri smartfonları müqayisə edim, amma bu şirkətin telefonlarını tərifləyim. Mən isə təbii ki, bununla razılaşmadım. Belə hallar mənim üçün qəbuledilməzdir.


ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10