Arif Fərzəlinin 60 yaşına
MANERA.AZ.MANERA.AZ
...On il əvvəl əyalətdə yaşayan şair Arif Fərzəlinin 50 yaşına həsr etdiyim yazımı “Varis” adlandırmışdım. Yazmışdım ki, bəlkə də “Azərbaycan müəllimi” qəzetində həmin yazım işıq üzü görəndə Arif dərsdən çıxıb, tozlu-torpaqlı kənd yolu ilə evinə gedəcək. Ya da Xırmandalı kəndinin günbatan tərəfinə xəlvət bir guşəyə çəkilib, adəti üzrə təkbaşına balıq ovuna çıxacaq! Qırmağına balıq gələcək-gəlməyəcək deyə bilmərəm, amma onu bilirəm ki, dilinin ucunda söz pardaxlayacaq: “Qoy könül dolusu göynəyim bir az” deyəcək. Və Arifin göynəltisi, ağrısı o an şeir misralarına çevriləcək...” Eyni bu sözləri çox cüzi dəyişikliklə rəhmətlik telejurnalist İslam Bəhluloğlunun Az. TV-də Arif barədə hazırladığı on-on beş dəqiqəlik ədəbi-bədii verilişdə də demişəm...
O vaxt yazımı “Varis” adlandırmağımın üç əsas səbəbi vardı: Birincisi, Arif müəllim ailəsində dünyaya göz açmışdı və özü də bu peşəni seçmişdi. Universitetin kimya fakultəsini bitirəndən sonra kənd məktəbində pedaqoji fəaliyyətə başlamışdı. İkincisi, Arifin atası, mənim böyük xalamın oğlu Xudakərim Məftun şair idi. Arif də öz şagirdlərinə dərs deyə-deyə şeir yazdı, qiyabi yolla Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun poeziya şöbəsini bitirdi, “Toxuma həsrət torpaq", "Sizin dünya", “Yağışa düşən qərib" şeir toplularını və Masallının maarif fədaisi, uzun illər rayon təhsil şöbəsinə rəhbərlik etmiş Hüseynbala Əhədovun xatirəsinə həsr etdiyi “Ömür yarımçıq qalmır” publisistik kitabını nəşr etdirdi. Üçüncüsü, Azərbaycanda elə şairlər var ki, onları yaxından-uzaqdan görəndə Məhəmməd Hadi yada düşür. Bu mənada Arifi həm də Hadinin mənəvi varislərindən biri kimi nəzərdə tuturdum... Onun görkəminə, davranışına kənardan baxan nabələd adam da anlayır ki, bu adam təpədən dırnağacan şairdi.
İndi Arif Fərzəli rəhmətlik nənəm demişkən altımış yaşın busağası ağzındadır:
Doğulduğum il
Səməd Vurğunun baş daşında var.
Adım... yetənə qoyulur daha...
Ünvanım bir boz muğan kəndi,
Suyu qəndindən baha...
Və poetik sözünə davam edərək mənim bu dəfə başlığa çıxartdığım dərviş adını yaraşdırır özünə:
Bir biyaban dərvişiyəm,
Mənə şair deməyin ucadan.
Yazdıqlarıma görə
Qorxuram Allahdan,
bir də ustadım Fikrət Qocadan...
Xalq şairi Fikrət Qoca 30 il öncə Arifin üzünü görməsə də, şeirləri haqqında “Ulduz” jurnalında (1986, 6-cı say) öz fikrini yazıb və onu “özünü bacardığı qədər yonmuş, rəndələmiş... səriştəli şair” adlandırıb. Əslində bu fikir ədəbiyyat yolunda “səfərə çıxan” Arifə ustad şairin xeyir-duası idi. Ən qəribəsi, otuz il əvvəl də bu dünya müharibəyə hamiləydi. Və o vaxt Fikrət Qocanının özünün də dediyi kimi, “kefini kökəldən” Arifin “Belə getsə” şeri olmuşdu:
Elə bir cür davadır
bu dava qorxusu:
“Atam” deyirsən, atom düşür yadına,
“Nəvə” deyirsən, nüvə düşür yadına.
O gün dostum Pəriş yerinə,
çaşıb “Perşinq” deyib arvadına...
“Bu qədər ciddi bir mövzunu belə incə yumorla ancaq şair qələmə ala bilər”deyə gənc şairin yaradıcılığına həssaslıqla münasibət bildirən xalq şairi illər sonra da çox ağır, ölümcül xəstəliyə düçar olan Arifin insan kimi taleyinə də laqeyd qalmadı. Məhz Fikrət Qocanın sayəsində Arif Fərzəli Milli Onkologiya Mərkəzində xeyli güzəştlə əməliyyat olundu, labüd ölümün pəncəsindən qurtuldu.
İndi “Rayonda hamı Arif Fərzəliyə "Masallının Fikrət Qocası" deyir. Həm şairliyinə görə, həm də eynən ustadı kimi, səs telləri "incik" olduğundan bir az xırıltı ilə danışdığı üçün”. Bu fikirləri də mənim tələbə yoldaşım, qələm dostum istedadlı şair-publisist Əli Nəcəfxanlı “Xalq qəzeti”ndə dərc olunmuş məqaləsində yazıb: “Arif Fərzəli əyalətdə yaşayıb-yaratmaq qismətinə şükür eləyən, böyük şəhərlərin reklam işıqlarında gözü qalmayan şairlərdəndir. Amma adı paytaxt Bakının ədəbi mühitində yetərincə tanınır və tez-tez çəkilir”
Bəli, indi istəsəm də, istəməsəm də, yazın düzü dünyaya can verdiyi bu vədələrdə keçmişi xatırlamğa məcburam. Əslində bizim indi yaşadığımız gerçək zaman çərçivəsində bir sığınacaq tapdığımız məkanımız da xatirələrdi. Ariflə uşaq çağlarımızda futbol da oynamışıq, kəndimizin günbatanın səmtində el arasında adına “Qızbatan” dediyimiz Ana İstildə çimmişik, mənə və ona doğma olan adamların ucbatından küsüşmüşük də... Hərdən xalam nəvələri Seyfullanın, Qənbərin və sinif yoldaşlarının Ariflə məzəli əhvalatlarını yada salıb gülürəm də...
...Keçən əsrin 80 - ci illərinin sonu Arif Fərzəli şair-publisist kimi Məmməd İsmayılın sayılıb-seçilən “Gənclik” jurnalının cənub bölgəsi müxbiri, 90-cı illərin əvvələrində Məmməd Kazımın baş redaktorluğu ilə nəşr olunan "Qala" qəzetininin redaktor müavini vəzifələrində çalışdı. Sonra rayon təhsil şöbəsinin təsis etdiyi “Masallı ziyası” qəzetinin baş redaktoru oldu.
...Səhv etmirəmsə, 2000-ci ilin əvvəli idi. Xalq artisti Könül Xasiyeva Masallının Səmidxan kəndində toya dəvət olunmuşdu. Demək olar ki, mağarda kənd ağsaqqaları çoxluq təşkil edirdi. Toy sahibi Hacı Eldar mikrafona yaxınlaşıb, nəvəsinin toyuna gələnləri və Könül xanımı salamlarkən təqribən belə bir söz dedi: “Gönül xanım, bu məclisdəkilərin hamısı səsinizin heyranıdır. Allahdan arzum budur ki, mən öləndə tabutumun arxasınca sizin oxuduğunuz “Segah” səslənsin!”
...Könül xanım segahı oxuyan zaman tanışlardan biri məsafəli mikrafonu mənə uzadıb: “sevdiyin şeirlərdən birini de, gəlsin!” dedi. Mən də Arifin tarzən Ramiz Quluyevə həsr elədiyi “Yetim segah” şerini əzbər bilirdim:
Mizrab toxunacaq, sim ağlayacaq,
Zili hönkürəcək, bəm ağlayacaq.
Gördüm məni ən çox kim ağlayacaq,
Qoy bir harayında itim segahın.
Bu nizə daşları keçən niyəzmiş,
Elə bu nizənin yönü bizəymiş...
Ağrısı-acısı hələ təzəymiş,
Yarası qədimdən-qədim segahın.
Simlər pərdə üstə yollardı - qoşa,
Gedən ölməzliyə gedib qovuşar.
Bir qaçıb obaya hay sal, ay uşaq,
Dədəsi tapılıb "Yetim segah”ın...
Az sonra Azərbaycan Dövlət Flormoniyasındakı solo konsertində Könül xanım çox böyük şövqlə Arifin bu şeirini muğam üstə ifa etdi. Ötən yay Masallının palıd meşəsinin “Nağıl dünyası” adlanan guşəsində böyük məclis qurulmuşdu, Xalq artistləri Aygün Bəylər, Könül xanım, Rəmiş, meyxana ustaları Mehman Əhmədli, Namiq Məna və başqaları toya gələnləri öz ifaları ilə feyziyab eləyirdilər. Bu dəfə mənə söz veriləndə, üzümü Könül xanıma tutub Arifin həmin şerini söylərkən son iki misranı belə dedim:“Gəlib Masallıya hay sal, ay Könül, anası tapılıb “Yetim segah”ın...”
...Arifdə əsl şairə xas qəribəliklər çoxdur, hərdən elə bil Allahın ona verdiyi istedada da xəsislik edir. Bəzən bədahətən dediyi misraları kağıza köçürmür, elə şeirləri var ki, kitablarına daxil etmir. Məsələn, bir dəfə mənə təqribən belə şeir dedi:
Xəncərə, quşuna qıymadılar ki,
Bizi “sevə-sevə” öldürdü dostlar.
Bizi Nəsimitək soymadılar ki,
Bizi öpə-öpə öldürdü dostlar...
Yaxud 23 aprel 2005-ci ildə ömrünün 59-cu baharında əməkdar artist Əli Salahlı Masallıda Mədəniyyət evinin səhnəsində monoloq söyləyərkən dünyasını dəyişəndə Arif için-için köynəyərək bu misraları pıçıldadı:
Daha alqışlardan uzaqdır əlim,
Əliyə heç gül də göndərmədilər.
Bu dəfə yalançı olmadı ölüm,
Bu dəfə pərdəni endirmədilər.
Arifin “Yağışa düşən qərib” adlı son kitabına daxil etdiyi eyniadlı şeiri mənə olmuş bir əhvalatı xatırlatdı. Lənkəran Dram Teatrının yaxınlığında bir neçə maraqlı adam heykəlləri var. Bir heykəl “eynəyini gözünə taxıb”teatrın afişasına baxır, ondan aralı iki heykəl də baş-başa verib “dərdləşirlər”. Yağışlı-çiskinli bir gündə teatrın yaxınlığından ötən və şəhərə nabələd bir adam baş-başa verib “dərdləşən” heykəlləri canlı zənn edib soruşur: “Deməsiz, vağzala necə gedim?” Arifin bu “olaydan” xəbəri var ya yox, deyə bilmərəm. Amma şeirdə sanki yağışa düşən həmin qəribin şəklini çəkir:
Nə evlərdən səs-səmir,
Nə küçədə kimsə var.
Gedəcəyi ünvanı
Heykəllərdən soruşar
Yağışa düşən qərib...
Ad günü ərəfəsində “Zamanə dərvişi”nə iştirakçısı olduğu bir gülməcəni hədiyyə etmək istəyirəm. Tanınmış tənqidçi Vaqif Yusiflinin bacısı oğlu Ülvinin toy məclisi başa çatat-çatmaz Nəcəf bəy Vəziriv adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Əli Salahlı (Allah ruhunu şad etsin!) ilə Arif üz tuturlar meşəyə - Masallı İstisuyuna sarı. Təkkeçidə səmtindəki restoran-otelin bağında taleyinə qaçqınlıq düşən bir aşıq saz çalıb, oxuyur, həm də dolanışıq pulu qazanırmış. Ariflə Əli son manatlarını da verib bəs qədər aşıq havaları sifariş edirlər. Bir də görürlər hamı gedib, aşıq da yorğun-ağrın yır-yığış edir. Oteldə gecələməyə, rayona qayıtmağa pul da yox, maşın da... Qısası qalırlar meşədə. İki zamanə dərvişi böyük bir dəmirağacının altında- təbiətin “nömrəsiz otel otağında” kürək-kürəyə verib yatırlar. Arada Əli müəllim Arifi dümsükləyib zarafatla deyir ki: -Ə, şair, insafın olsun, heç olmasa yorğanı üstümdən çəkmə də...
P.S: Son vaxtlar bir-birmizə ancaq bəd xəbərər veririk: Gözəlim DƏRD də bizə güzgü kimi baxır, gah içimizdə, gah da çölümüzdə güzgülənir.Arif arada zəng edib xırıltılı-boğuq səslə məndən həbsdə olan şair dostu Saday Şəkərlini soruşur. Saday da həbsə alınmamışdan iki-üç gün əvvəl zəng edi qorxulu yuxu görmüş adamlar kimi məndən Arifi kefini xəbər almışdı. Allah hər ikisinə və bu zamanənin nəbzini-ritmini tutmaq “istetadından” mərhum bütün istedadlı qələmdaşlarıma rəhm eləsin! Amin.
manera.az