Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“İrandakı nümayişlər Cənubi Azərbaycana azadlıq vəd etmir”



Zərdüşt Əlizadə: “Etiraz aksiyalarınıABŞ təşkil etməsə də, etirazçıları ruhlandırır”

 

Son zamanlar dünyanın əksər ölkələrində, hətta fərqli qitələrində etiraz dalğaları geniş vüsət almağa başlayıb. Bəzi qonşu ölkələri, Yaxın Şərqi, o cümlədən müxtəlif respublikaları etiraz dalğaları cənginə alıb.

 

Mövzu ətrafında politoloq Zərdüşt Əlizadə ilə həmsöhbət olunub.

 

- Zərdüşt müəllim, baş verən bir sıra etirazların üst-üstə düşməsi nəyin tərkib hissəsi ola bilər? Yaxud bu proseslərin bir-biri ilə əlaqəsi varmı?

 

- Təbii ki, əlaqəsi var. Fikir versək, bu etirazların Yaxın Şərqdə daha sıx və şiddətli olduğunu görərik. Suriya, Liviya və Yəməndə vətəndaş müharibələrinin başlanması, İraqda kütləvi iğtişaşların səngimək bilməməsi, Livanda baş verən nümayişləri buna misal göstərə bilərik. Bu qarşıdurmalar isə çox zaman insan ölümləri ilə nəticələnir. Hətta bu hərəkatlar minlərlə insanın ölməsi və yaralanmasına səbəb olsa da, Misirdə hərbi diktaturanın devrilməsinə də gətirib çıxardı. Hal-hazırda da bu gərginliklər davam etməkdədir. Çünki İranda yanacağın qiymətinin artmasına görə əhali etiraz edir, Honkonqun Çinə ilhaq olunması prosesi kütləvi etirazlara səbəb olub, Fransa və İngiltərədə küçə yürüşləri keçirilir. Demokratiyanın kamil olmadığı ölkələrdə bu etirazlar qarşıdurmaya səbəb olur və insan ölümləri ilə nəticələnir. Harda ki, demokratik mexanizmlər işləyir, tələfatların qarşısını nisbətən almaq olur. Məsələn, ABŞ-da nisbətən demokratiya var deyə, parlamentdə impiçment məsələsi müzakirə olunur, dinc küçə nümayişləri keçirilir. Amma bu da onu göstərir ki, demokratiya heç də kamil mexanizm deyil. Yenə də digər siyasi cərəyanların arasında ən yaxşı idarəetmə üsulu, məhz demokratiyadır.

- Venesuela, Boliviya, Çin, İran ABŞ-a qarşı çıxan ölkələrdəndir. Venesuela və Boliviyada hakimiyyət əleyhinə etirazlar, İranda əhalinin ayağa qalxması, Honkonqun Çin əleyhinə mübarizəsi - bütün bu proseslərdə ABŞ-ın rolu ola bilər?

 

- Deməzdim ki, bu prosesləri ABŞ şəxsən təşkil edir. ABŞ nümunə olaraq adını çəkdiyim ölkələrin dövlət quruluşundan daha fərqli bir dövlət quruluşu nümunəsi sərgiləyərək, etirazçıları Amerikada olan yaxşı yaşayış modelinin ölkələrində təmin olunmasına ruhlandırır. Lakin onlar da yanılırlar. Çünki Amerikada da hər şey kənardan göründüyü kimi yüksək səviyyədə deyil. Mən 7 dəfə Amerikada olmuşam və ölkənin bir neçə ştat və şəhərlərini gəzmişəm. Buna əsasən deyə bilərəm ki, Amerikanın özündə də xeyli qüsur və problemlər var. Sadəcə Amerika demokratiyası bu qüsurları səsvermə, məhkəmə islahatları ilə aradan qaldırmağa imkan verir. Amma digər ölklərdə bu mexanizmlər işləmədiyi üçün qarşıdurmalar tələfatlarla nəticələnir. Çünki həmin ölkələrdə azad seçki, hakimiyyətin dəyişilməsi, fərqli fikirlərin müzakirəsi, məhkəmə qərarları kimi şəffaf mexanizmlər işləmir.

 

- Bəs Gürcüstanda baş verən proseslər necə, burda da hansısa pərdəarxası məqamlardan söhbət gedə bilər?

 

- Vaxtı ilə total korrupsiya şəraitində olan Gürcüstanda bir möcüzə baş verdi - Mixail Saakişvili və komandası hakimiyyətə gəldi. Xalqını, vətənini, dövlətini sevən bu komanda Gürcüstanda böyük islahatlar həyata keçirdi və aşağı-orta səviyyəli korrupsiyanın kökünü kəsdi. Yuxarı səviyyəli korrupsiya isə qalmaqda davam edirdi. Çünki onu kəsmək mümkün deyildi. Rusiya Federasiyası isə bundan narazı qalmışdı. Bu səbəbdən də Bidzina İvanişvili önə çəkildi və narazı qüvvələrin toplaşdığı “Gürcü Arzusu” Bloku qalib gəldi. Bu blok hakimiyyətə gələndən sonra hər şeyin daha da yaxşı olacağına söz verdi. Buna baxmayaraq korrupsiya yavaş-yavaş geri qayıtmağa başladı. Təbii ki, cəmiyyətdə etirazlar gücləndi və nümayişlərə start verildi. Gürcüstan parlamentli respublika olduğu üçün onlar parlamentə seçkilərin proporsional qaydada keçiriləcəyinə dair söz vermişdilər. Amma gedişat göstərdi ki, proporsional seçkilər keçirilsə, Saakişvili yenidən hakimiyyətə gələ bilər. Ona görə də vədlərini pozdular. Bu isə gürcülərin etiraz etməsinə səbəb oldu. “Gürcü Arzusu” hakimiyyəti özündə saxlamaq istəyir, Vahid Milli Hərəkat isə proporsional seçki sistemi ilə hakimiyyətə yenidən qayıtmağa cəhd edir. Yəni məsələ hakimiyyətə kimin gəlməsi ilə bağlıdır.

- İrandakı etirazlarla bağlı nə düşünürsüz, proseslərin Cənubi Azərbaycanla əlaqəsi varmı?

 

- Məncə, heç bir əlaqəsi yoxdur. Çünki etirazlara səbəb olan yanacağın qalxmasıdır. Yanacaq da Cənubi Azərbaycanda deyil, Cənubi İranda çıxır, Qərbi İranda istehsal olunur. Bu isə İranın ümumi problemidir. Çünki İranda yanacaq Azərbaycan, Rusiya və Avropa ilə müqayisədə həddən artıq ucuzdur. Lakin Amerikanın İrana qarşı qanunsuz olaraq iqtisadi blokada təbiq etməsi iqtisadi vəziyyəti gərginləşdirdi. Hökumət də büdcəni balanslaşdırmaq üçün yanacağın qiymətini artırmaq qərarına gəlib. Bu da demək olar ki, havayı yanacağa öyrənmiş xalqı qəzəbləndirdi. Lakin xalq fikirləşmir ki, büdcəni balanslaşdırmaq üçün buna ehtiyac var.

 

- Bu proseslər Cənubi Azərbaycanın azadlıq hərəkatına çevrilər bilərmi?

 

- Düşünürəm ki, yox. Çünki millətçilik hakimiyyətin səlahiyyətlərinin bölünməsi uğrunda gedən mübarizədə bir qiyafədir. Bu baxımdan İranda da milli şüarların heç bir əhmiyyəti yoxdur.

 

- Bütün bu proseslərin gedişatı sonda nə ilə nəticələnə bilər? 

 

- Tarix hər zaman belə olub, belə olmağa da davam edəcək. Yəni həmişə necə olubsa, yenə də elə olacaq. Bir sözlə, heç nə dəyişməyəcək.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10