Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tbilisi qaynar, Qərb qəzəbli: “Avropa dəyərlərini həyasızcasına tapdayırlar”


“Xarici agentlər haqqında” qanun Gürcüstan hakimiyyətinin nəyinə lazımdır?

“Xarici agentlər haqqında” qanun layihəsini müdafiə edən Gürcüstanın hakim partiyası əmin edir ki, “bu, demokratik prinsiplərə zidd deyil, Gürcüstan Avropa İttifaqına (Aİ) üzv olmaq yolunda uğurla irəliləyəcək və Rusiyanın maraqları mövqeyində hakimiyyət deyil, müxalifət hərəkət edir”. Gürcüstan daxilində hakimiyyətin əleyhdarları bu ritorikanı şizofreniya adlandırır, Qərb ekspertləri isə qanunun Gürcüstanın Avropa perspektivlərini sarsıdacağını və müvafiq olaraq, onu Rusiya orbitinə çəkə biləcəyini deyirlər.

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze yeni “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı keçirilən ilk kütləvi etirazın ertəsi, martın 8-də çıxışı zamanı deyib ki, bu qanunun Gürcüstanın gələcək perspektivlərinə təsiri ilə bağlı müzakirələr gedir: "Biz xristianlıqla Avropaya doğru irəliləyəcəyik! Biz Avropaya doğru suverenliklə irəliləyəcəyik! Biz Avropaya doğru ləyaqətlə irəliləyəcəyik".

Kobaxidze bildirib ki, martın 7-dən 8-nə keçən gecə parlamentdəki etiraz aksiyası dövlət çevrilişinə cəhddir və müxalifət bu cür cəhdlərlə guya, “Rusiya tanklarını 2008-ci ilin avqustunda olduğu kimi Gürcüstana gətirə bilər”.

Gürcüstan xarici işlər nazirinin keçmiş müavini, hazırda müxalifətçi Valeri Çeçelaşvili siyasi şərhçi Gela Vasadzenin videokanalının efirində deyib ki, hakimiyyətdə olan insanlar gürcü seçicilərinin əksəriyyətini Gürcüstanın Avropa kursunun dəyişməzliyi ilə bağlı ifadələrlə aldatmağa çalışırlar: "Bu qanunun təşəbbüskarı olan bu insanlar çox gözəl başa düşürlər ki, bu gün Gürcüstanda anti-Avropa mesajları çox populyar deyil və onlar qaranı ağla ört-basdır etməyə çalışırlar. Amma bu, nəticə verməyəcək".

Çeçelaşvili qeyd edib ki, Avropada “Gürcü Arzusu”nun əsas simaları, o cümlədən Baş nazir İrakli Qaribaşvili avropapərəst çıxışlar edir, ölkə daxilində isə müxalifətin və müstəqil təşkilatların, mətbuatın xaricdən aldığı pullarla dövlətçiliyi sarsıtdığını deyirlər. Bütün Aİ ölkələri və Birləşmiş Ştatlar “Xarici agentlər haqqında” qanun layihəsinin demokratik təcrübəyə uyğun olmadığını deyirlər, halbuki qanun layihəsini hazırlayan “Gürcü Arzusu” və onun satelliti “Xalqın Gücü” fraksiyaları eynilə Rusiya hakimiyyətinin bununla bağlı 10 il əvvəl dediyi kimi, onların layihəsinin ABŞ-da olanlara bənzədiyini deyirlər.

"Bu, belə desək, şüurun açıq şəkildə parçalanmasıdır. Buna şizofreniya deyilir", - Çeçelaşvili deyib.

Bir çox gürcü və əcnəbi şərhçilər bu qanun layihəsinin niyə məhz indi ortaya çıxması və hakim partiyaya nə üçün lazım olması ilə maraqlanır.

“Xarici təsirin şəffaflığı haqqında” qanunun müəllifləri “Xalqın Gücü” fraksiyasından olan deputatlar idi – bu, daha açıq şəkildə anti-Qərb qanadıdır və rəsmi olaraq “Gürcü Arzusu”ndan ayrılıb, lakin parlamentdə hakim partiya ilə birlikdə səs verir. “Gürcü Arzusu” da layihəni tam dəstəkləyib.

Əksər şərhçilər, layihənin təşəbbüskarı olan “Gürcü Arzusu” və onun peykləri ilə əlaqəsi olmayan demək olar ki, hər kəs əmindir ki, qanun hakimiyyəti tənqid edənlərə təzyiq alətidir və gələcəkdə Rusiyadan nümunə götürərək repressiya alətinə çevrilə bilər.

“Qanun vətəndaş təşkilatlarını və fəalları nüfuzdan salmaq, habelə vətəndaş cəmiyyəti təşkilatlarına nəzarət üçün hüquqi baza yaratmaq üçün istifadə olunacaq”, - deyə Gürcüstanın İliya Dövlət Universitetinin professoru David Afrasidze söyləyib.

“JAM-News” xəbər verir ki, müsahibədə iştirak edən bütün gürcü ekspertlər yekdilliklə bu qanun layihəsinin Rusiya layihəsinin analoqu olduğunu və təxminən eyni məqsədlər güddüyünü qəbul edirlər. Valeri Çeçelaşvili hesab edir ki, hakim partiyada ölkənin problemləri ilə bağlı opponentlərlə açıq müzakirələrdə tez-tez arqumentlər çatışmır - buna görə də müxalifəti və müstəqil qeyri-kommersiya təşkilatlarını susdurmaq istəyir.

Politoloq Gela Vasadze Çeçelaşvili ilə yuxarıda qeyd etdiyimiz söhbətdə ən sadə izahat verib: “Məncə, onlara bu qanun təkcə 15 və ya nə qədər qeyri-hökumət təşkilatını sıxışdırmaq və ya müxalifət mediasını maliyyədən məhrum etmək üçün deyil, ilk növbədə cəmiyyətə “bacardığımız qədər vuracağıq və bunun müqabilində heç nə edə bilməzsiniz" mesajını vermək üçündür”.

Əgər Gürcüstanın hakim partiyasının yeni qanunla öz haklimiyyətini gücləndirmək istədiyini düşünənlər haqlıdırsa, o zamn hakimiyyət bu istəyi ilə Gürcüstanın Avropaya inteqrasiya perspektivlərini qurban verir. Hazırda ölkənin Aİ-yə qəbulu ilə bağlı ümidlər kifayət qədər illüziyadır.

Almaniya Xarici Siyasət Şurasının Şərqi Avropa üzrə eksperti Stefan Meister hesab edir ki, Gürcüstan artıq “Avroatlantik və Avropaya inteqrasiya yolundan dönüb”. Onun sözlərinə görə, Gürcüstanda sabiq Prezident Mixail Saakaşvilinin (hazırkı hakimiyyət tərəfindən həbsdə olan) dövründə inkişaf etdirilən möhkəm islahatlar bazası var idi, lakin indi hakimiyyətin müxalifətə, azad mətbuata və müstəqil təşkilatlara təzyiqi nəticəsində tədricən bu başlanğıc itirilir.

“Belə bir qanun Gürcüstanın digər postsovet ölkələri üzərində malik olduğu mühüm üstünlüyü məhv edəcək və onu Rusiyanın siyasi mədəniyyətinə və repressiv siyasətinə yaxınlaşdıracaq. Mən bunu Brüssel institutlarında və Aİ ölkələrindəki söhbətlərim əsasında təsdiq edə bilərəm”, - deyə Meister vurğulayıb.

İsveçin Malmö Universitetinin professoru Kristofer Berqlund açıqlamasında deyib ki, “Gürcü Arzusu” qanunun aliliyinə hörmətlə yanaşmaqda maraqlı olmadığını dəfələrlə nümayiş etdirib: “Artıq müxalif siyasətçilərə, ən mühüm mediaya qarşı repressiyalar olub və indi bu qanun layihəsi QHT-lərin də təqib olunmasına şərait yaradır. Aİ-nin öz dəyərlərinə həyasızcasına etinasızlıq nümayiş etdirən bir dövlətə maliyyə və daha çox siyasi dəstək verməsi məntiqli deyil”.

Keçmiş SSRİ ölkələri üzrə ekspert, Amerika Kolumbiya Universitetinin politoloqu Linkoln Mitçel xatırladır ki, “Xarici agentlər haqqında” yeni qanun layihəsi Gürcüstanın Aİ ilə münasibətlərində çox dəyişiklik edəcək: "Belə bir qanunun qəbulu Gürcüstanın Avrointeqrasiya işinə kömək etməyəcək, lakin Avropada çoxları artıq Gürcüstanı növbənin arxasına keçiriblər, ona görə də belə bir qanunun qəbulu onsuz da həlledici amil olmayacaq".

Keçən il Aİ Ukraynaya və onunla birlikdə Aİ-yə üzv olmaq arzusunda olan üçüncü postsovet ölkəsi olan Moldovaya, Gürcüstana Aİ-yə rəsmi namizəd statusunu sürətlə təqib edəndə bu statusu almamışdı. Əvəzində Aİ Gürcüstanın 2023-cü ildə namizəd statusu almaq şansı əldə etmək üçün yerinə yetirməli olduğu 12 şərt irəli sürüb.

Cənubi Qafqazın üç ölkəsinin siyasətindən yazan “JAM news” xəbər verir ki, yeni qanun layihəsi bu 12 bənd-şərtdən ən azı ikisinə ziddir: azad və müstəqil mətbuatın fəaliyyəti üçün şərait yaradılmasının zəruriliyindən bəhs edən şərtə və hökumətin bütün səviyyələrində qərarların qəbul edilməsində ictimaiyyətin (və ictimai təşkilatların) iştirakı şərtinə.

“Gürcü Arzusu” bəyan edib ki, “Xarici agentlər haqqında” qanun layihəsini demokratik normalara uyğunluğunun yoxlanılması üçün Venesiya Komissiyasına göndərəcək və yalnız bu yoxlamadan sonra – üç aydan tez olmayaraq – qanunun qəbulu və ya rədd edilməsi barədə qərar verəcək. Gürcüstan müxalifəti isə ehtiyat edir ki, bu, sadəcə olaraq etirazları yatırmaq üçün bir hiylədir və “Gürcü Arzusu” Venesiya Komissiyasının tövsiyələrinə məhəl qoymaya bilər və ya hətta onları almadan qanun qəbul edə bilər.

Mənbə: BBC

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10