Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda Gənclər günü ilə bağlı tədbirə dəvət olunmuşdum


Bu tədbirdə daha nələri görə bilərdik, amma görmədik

Cenub.az-ın məlumatı və qısa şərhi

Son vaxtlar ardıcıl olmasa da, arabir olsa da, necə deyərlər, “tilsim” sınıb, məni də hökumət tədbirlərinə çağırırlar. Sağ olsunlar. Hətta həmin tədbirlərdən bir az giley-güzar etsəm belə, təkliflərimi reallaşdırmasalar belə, tənqidi qeydlərimə dözümlülük göstərir, üstüm 30-40 üzəduranlar göndərmir, “içəri” atdırmırlar.

Bu gün, fevralı 2-də, Rayon Mədəniyyət Evində Gənclər günü ilə bağlı tədbirə dəvət olunanda isə, həqiqi çox sevindim. İndi 70-i haqlsam da, bu ömrün 10 ildən çoxu gənclərlə işə həsr olunub. 5 il Pionerlər Evinin direktoru (İndi Uşaq Yaradıcılıq Birliyi), Rayon Komsomol Komitəsinin (indi Gənclər və İdman idarəsi) şöbə müdiri və katibi vəzifələrində çalışmışam. Bu dəvət məni öncə ömrün o “çiçəkli sahillərinə” qaytardı. Buna görə bu tədbirə böyük həvəslə getdim.

Tədbir məni çox təəccübləndirməsə də, adi standartlara uyğun normal bir tədbir idi.

Yeri gəlmişkən,  ölkə səviyyəli idmançı, idman ustası Sabiq Cahangirov Masallı və Gənclər idarəsinə rəhbəri təyin edildikdən sonra bu təşkilatda əsil canlanma yaranıb və bir sıra diqqətəlayiq uğurlara imza atılıb.

Tədbirdə biz az narahatçılıq yaransa da (tədbirdən öncə 30 dəqiqə, tədbirin “şirin yerində” isə işıqlar 10-dəqiqəyə yaxın söndü), bu bayram törəni elə də yorucu olmadı.

Orijinallıq o oldu ki, tədbirin başlanğıcında  ölkənin və rayonun idman uğurlarından təxminən 10-12 dəqiqəlik video-çarx nümayiş olundu. Masallının Dünya  və Avropa çempionatlarında, eləcə də Beynəlxalq və Respublika səviyyəli yarışmalarda qazandıqları uğurlar video görüntülərlə təqdim olundu. Millət vəkili Məşhur Məmmədovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Masallı Təhsil Fondunun qızların təhsilə cəlb olunması ilə bağlı uğurlu işləri xüsusi ilə vurğulandı.

Tədbirin dəvətnaməsində qonaqların konsertə dəvət olunması yazılsa da, əslində rəsmi hissə bədii hissədən çox oldu.

Yaxşı ki, Masallı rayonunun icra başçısı, cənab Araz Əhmədovun yığcam çıxışından nümunə götürərək, digər çıxışçılar - Millət Vəkili Məşhur Məmmədov, YAP Masallı təşkilatının sədri Seyfəddin Əliyev,  Regional Mədəniyyət idarəsinin rəisi Bəxtiyar Qılıncov, Masallı Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov, gənc fəal Rafət Şirəliyev və  ölkə üzrə olimpiada qalibi Rövnəq Cəfərov və digər gənclər çox yığcam çıxış etdilər. 

 Sərbəst güləş üzrə Avropa və Dünya çempionu Ruzanna Məmmədovanın çıxışı xüsusi alqışlarla qarşılandı.

Uğur qazanmış  Gənclərə Fəxri-Fərmanlar və mükafatlar verildi

Sonda Rayon İncəsənət məktəbinin şagirdləri qısa da olsa maraqlı proqramla çıxış etdi. Xor kollektivinin çıxışı isə daha xoş təsir bağışladı.

Təşkilatçılara təşəkkür etməyə dəyər.

Bəs, bu tədbirdə başqa nələri görmək istərdik, amma görmədik?

Tədbirə kölgə salmaq istəməsək də, bəzi gileylərimizi bildirmək istərdim.

1. Hələ 40-45-il öncə fevral ayının ilk günlərində Tələbə və gənclərlə bağlı Masallıda “Tələbə günü –gənclər günü” Mavi İşıqlar keçirilərdi. O vaxt rayonda yeganə Şadliq sarayı olan “Şəlalə” Şadlıq sarayında bu, ilin  ən unudulmaz tədbir olardı. Ölkənin tanınmış ədəbiyyat və incəsənət xadimləri Rasim Balayev, Yaşar Nuriyev, Arif Quliyev, Sabir Rüstımxanlı, Nüsrət Kəsəmənli və başqaları bu tədbirlərə qonaq gələrdi. Bu tədbirə dəvətnamə əldə etmək həqiqi mənada “qırğına” çevrilərdi.

İndi Masallıda,  elə şəhər mərkəzində 10-a yaxın 500-600 nəfərlik şadlıq zalları var.  Həmin zalların imkanlarından istifadə edib daha geniş tərkibdə, daha geniş proqramlı tədbir keçirmək mümkün idi. Əyər həmin vaxt Şadlıq sarayına dəvətnamə tapmaq olmurdusa, indi  rayon Mədəniyyət Evinin təxminən 250 nəfərlik zalını nə tam doldurmaq oldu, nə də gələnlərin yarıdan çoxunu sona qədər saxlamaq.

2. Tədbir öncəsi yaxşı olardı ki, rayon gənclərinin  uğurları haqqında  bir məlumat bülleteni hazırlana,  hər iştirakçının  həmin bülleteni ailəsinə aparmaq şansı yarana və minlərlə insan bu uğurlarla məlumatlandırılardı.

3. Masallı gənclərinin uğurları təkcə burada yaşayan gənclərlə bitmir. Dünyada, xüsusən Rusiyada, eləcə də  ölkədə böyük uğura imza atmış Masallı gənclər var. Təkcə kompüter proqramçıları sırasında böyük uğurlar qazanmış 10-a yaxın proqramçı, eləcə də iş adamı, xeyriyyəçi,  məmur tanıyıram. Daha tanınmış masallılı gənc alimləri, müğənniləri, məmurları, ixtiraçıları, qızıl medalçıları, QHT fəallarını, xeyriyyəçiləri, idman ustalarını  demirəm. 

4. İndiki texniki şərait imkanlar yaradır ki, onlar canlı yayımda  bu tədbirə  internet vasitəsi ilə qoşulsunlar. Hansı ki,  5 il öncə, Masallı ASANxidmət mərkəzində, Masallida.az saytının təqdimatında ABŞ-dan, Xaborvskidən, Sankt Peterburqdan tədbirə canlı yayımla qatılar gənclərimiz oldu. 

5. Tədbirə qədim “komsomolçi- gənclər” təşkilatlarının rəhbərli Ə. Niftiyev, Q. Fətullayev dəvət olunsa da,  son vaxtlar bu gənclər təşkilatına rəhbərlik etmiş Mahir Nuriyev, Adəm Məhərrəmov, Əbülfəz Nuriyev, Kamal Mazanov, Camal Manaofov və başqları bu tədbirdə görünmədi.

Bu siyahını uzatmaq da olardı. Lakin nəzərə aldım ki, təkliflər müsbət xəbəri üstələyə.

Çox təəssüf ki, bu işə məsul olan şəxslər ortada canlı nümunələr olsa da,   şablonlardan, çərçivələrdən kənara çıxa bilmirlər. Verdiyimiz təkliflər –mətbuat vasitəsi ilə və şəxsən bildirdiklərimiz də ya alayarımçıq icra edilir, ya da qulaq ardına vurulur. 

Bilməmək ayıb deyil, bilənlərdən öyrənməmək, mövcud müsbət təcrübədən yararlanmamaq isə sadəcə ayıbdır. Hansı ki, bu nöqsanlar ötən il dekabrın sonlarında, ziyalılarla görüş zamanı da təkrarlanmışdı.

Bütün hallarda gənclər günü münasibəti ilə bütün gənclər, eləcə də gənclik ruhu ölməyənləri bu bayram münasibəti ilə təbrik edirik.

Gün o gün olsun ki, bir dəfə də gəncləri bir yerə yığıb onların dərd-sərindən, işsizlik problemindən, idman qurğularına həsrət kəndlərindən, indi acı xatirəyə çevrilmiş, minlərlə gəncin istirahət məkanı olan Viləş komandasında və sairdən danışaq.

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10