Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Şəhər 1 saylı tam orta məktəbinə yeni direktor təyinatı - “Zülmətdən” “işığa” yol görünürmü?


Yaxud, 70 şagirdlik məktəbin direktoru olmuş şəxs, 2000 nəfər şagirdi olan, müəllimlərinin sayı onun əvvəl rəhbərlik etdiyi məktəbin şagirdlərindən 2 dəfə çox olan məktəbi “xilas” edə biləcəkmi?

(Yarı ciddi, yarı zarafat)

(Məktəbin tarixindən, Mirqabil Hüseynovun mənəvi “anatomiyası”ndan, direktor əvəzləri Vəli Ağayev, Mirxanım Hüseynova, Mehriban Sultanova, Samit Bağırov, eləcə də Tariyel Əkbərov və Elxan Nəcəfovdan, yeni direktor Ağamməd Şəmmədova qədər

Bu günlərdə Masallı şəhər 1 saylı tam orta məktəbinə, nəhayət, direktor əvəzi yox, direktor təyin edildi

Şəhər 1 saylı məktəb sıradan bir məktəb deyil. 2-ci Dünya Müharibəsindən sonra təməli qoyulan və fəaliyyətə başlayan bu məktəb rayonun təkcə təhsil yox, həm də bu yurdun tarixinin önəmli bir parçasıdır.

Masallıdakı ilk təhsil ocaqları- Ərkivandakı və Digahdakı “Ağ məktəb” lərdən, Boradigah, Qızılağac, Şərəfə məktəblərindən sonra Şəhər 1 saylı məktəb həm şagirdlərinin sayına, həm dəyərli yetirmələrinə görə olduqca önəmli tarixə malikdir.

İlk binası hazırda Masallı Regional Dövlət Kollecinin yerləşdiyi təhsil ocağı olan məkan sonradan Masallı şəhərinin qərbindəki, Mərkəzi Xəstəxanaya gedən yolda yeni tikilən binaya köçdü. 

Məktəbin ilk direktoru İbadulla İbayev(Lənkəran), daha sonra Əhməd Əhmədov (Masallı şəhəri) oldu. Əhməd müəllim sonradan dissertasiya müdafiə edib alim adı qazanaraq ölkənin ən nüfuzlu təhsil ocaqlarından olan “APİ”-yə baş müəllim təyin edildi. Bu məktəbin direktorları sırasında Masallı rayon Partiya Komitəsinin 1-ci katibi işləmiş, Masalliya rəhbərlik etmiş ilk masallılı olan, təmizliyi və peşakarlığı ilə seçilən Məmməd Məmmədov (Masallı, Öncəqala) (20 ilə yaxın) da olmuşdur, 

Eləcə də qəribə taleh yaşamış Ağababa Adıgözəlov da bu məktəbə rəhbərlik etmişdir. Belə ki, o, bu məktəbin direktorluğndan Masallı Təhsil şöbəsinin müdirliyinə təyin olunub. Bir müddət bu vəzifədə işləyəndən sonra isə, Rayon Partiya Komitəsinin büro üzvü kimi, həmin vaxt yaşadığı Yeyənkənd kəndindəki kolxozda vəziyyət açınacaqlı olduğu üçün həmin təsərrüfata rəhbər təyin  olunub. Bir  müddət burada uğurla çalışdıqdan sonra həmin vaxt rayonda daha nüfuzlu təşkilat sayılan Rayon kooperativlər ittifaqına sədr təyin olunmaq üçün Bakıya təsdiqə göndərilib. Təsdiq olunduqdan sonra otelə gəlib və orada, 44 yaşında qəflətən vəfat edib.

(Bu məktəbə rəhbərlik edənlər əsasən hümanitar sahələrin mütəxəssisi olsa da, məktəbin tarixinə aid elementar məlumatlar belə yox dərəcsindədir. Məktəbim nə vaxt tikildiyini dəqiq bilən belə yoxdur).

Nəhayət, 1980-ci illərdə şəhər 1 saylı məktəbinə Mirqabil Hüseynov direktor təyin edildi. O birbaşa və dolayı formada 40 ildən artıq bu məktəbə rəhbərlik edib. Mirqabil Hüseynov pis və yaxşı adam olmasından, kimin xoşuna gəlib-gəlməsindən asılı olmayaraq bu məktəbin tarixi içərisində o, bir “tarixdir”.

Bir məqamı da xatırlayaq ki, 1 saylı məktəbin tarixi rayonun təkcə təhsil yox, həm də “qalmaqallar” tarixidir.

Vaxti ilə bu məktəbdə, direktorun seyfindən külli miqdarda pul oğurlanıb;

Ölkənin ən aparıcı müxalif partiyalarının rayon təşkilatının rəhbərləri – AMİP (Etibar Məmmədov), AXCP (Əlişir Bəşirov), ADP (Eynulla Zalıyev) bu məktəbdə çalışıb.

Məktəbə və onun direktoruna ölkə üzrə mümkün fəxri adlar – “İlin məktəbi”, Əməkdar müəllim, “Tərəqqi” medalı, müxtəlif fəxri fərmanlar və sair təltiflər verilsə də, bu təhsil ocağı` hər şagirdə düşən uğura görə hətta rayon üzrə ən aşağı göstəricələrlə yadda qalmışdır.

Məktəbin ətrafı, hasarı, yol qırağındakı səkiləri tez-tez əhənglə ağardılsa da, məktəbin daxilindəki “qaralar”, hələ bu günə kimi normal sanuzel (el dilində “ayaqyolu”) xidməti yaradılmamışdır.

Mirqabil Hüseynov adi bir insan deyil. Bəzilərinin “mehriban düşmən”, bəzilərinin “hamının dostu”, bəzilərinin “Ağam” (seyid olduğu üçün) adlandırması, onun xarakterinə aydınlıq gətirib (Onun burada yazılması mümkün olmayan digər adları da var)

Mirqabil Hüseynovun həyat yolu yaxşılı- pisli bir dissertasiya mövzudur.

Mirqabil müəllimin bu gün də boynuna sarılıb “Ağam” deyən də var, adı gələndə üzün yan döndərən də. 

Mirqabil Hüseynovu bəziləri “cəhənnəm daşı”na bənzədir. Onu tərifləyən də peşimandır, tənqid edən də.

Bizim onunla 50 ildən artıq tanışlıq tariximiz var. (Ona görə “dostluq” demədim ki, özünün də etiraf etdiyi kimi “hamının dostu” olsa da, o, heç kimin dostu deyil.) Ötən əsrin 70-ci illərindən, “Mürsəlin kababxanasında”kı 1 manatlıq kabablardan, bağın içindəki 0,88 qəpiklik tavakabablara, “4 qardaş” adlı kafedəki tikə kababa kimi, hamı onunla çörək kəssə də, nə vaxtsa arxadan vuralacağına şübhə etməyib.

Onun Müsbətlərindən danışanda yekdilliklə qəbul edilən odur ki, zərərli vərdişlərdən-siqaret, içki, “o məsələ” və sairdən çox uzaqdır. 

Miqabil müəllim eyni gündə kimisə qəbrə də qoya bilər, kiminsə toyunda tamadalıq da edə bilər. Eləcə də, hərdən xeyriyyəçi, xeyir-şər adamı, hərdən barışdırıcı, “qan bağlayan” da olur.

Mənfiləri sırasında kimliyindən asılı olmayaraq onu aldada, ona yalan deyə, “dədələr goru”, əzizim, canım deyə-deyə “vura” bilər. Maddi maraqlarına görə hətta doğma qardaşını da zərbə altında qoya bilməsi istisna deyil.

İctimai rəyin onun üçün qram da əhəmiyyəti yoxdur. Məsələn, mənim üçün kritik məqamlarda, çoxlarının mənə salam verməyə qorxdğu vaxtlarda qəzetimə bir səhifəlik müsahibə verib, digər məqamda ailəmiz üçün qurulan məhkəmədə özünün yuxuluğa da vura bilib və sairə. (Bu barədə şəkili də var).

İstər “yuxarı” gedəndə, istər “aşağı” gedən də direktorluq onun monopoliyasında olub. Belə ki, 1992-ci ildə direktorluqdan icra hakimiyyəti başçısının müavinliyinə gedəndə də postu “ÖZ ADAMINA” verdi, işdən çıxan kimi də geri aldı. Yaxud, 2016--ci ildə direktorluğu heç cür qoruya bilməyəndə müavinliyə keçib sonra oxlarının xəbəri olmadan müavin Ədalə İbayevə həvalə edib, daha sonra isə həmin vəzifəni yaxın qadın qohumuna verib, arxada özü direktorluq etdi. Heç kabinetini də dəyişmədi. Bunların hamısı əldən çıxandan sonra oğlunu orada təsərrüfat müdiri kimi saxlaya bildi.

Miqabil Hüseynov onun yerinə göz dikənlərlə 

amansız olub.

 90-cı illərdə İcra başçısı Teymur Yəhyayevin qardaşı Ramiz Yəhyayevin dairəsinə daxil olna bir müəllimə bu məktəbə direktorluq arzusunda olan kimi, onun “qara qüvvələri” işə düşdü, guya Ramiz Yəhyayev bir veteranı döyüb. Bu barədə şəkillər Yeni Musavat qəzetinin manjetinə qədər çıxdı. Hansı ki, hamı Ramizin necə mülayim insan olduğunu bilir.

Ölkə üzrə direktorluq müsabiqəsində ən yüksək-56 bal yığan, respublika üzrə təlimçi olan Fizuli Hüseynov elə şantaj edildi ki, nəinki direktorluq fikrindən çəkildə, az qaldı müəllimlikdən imtina edə. 

Bu sahədə maddi maraqlar ona o qədər üstün gəldi ki, hətta doğma qardaşı və ailəsi ilə düşmənə çevrildi.

M. Hüseynov bütün icra başçılarının dostu ola bilib. Fərqli idarəçiliyi ilə yadda qalan Teymur Yəhyayevin vaxtında müavin postuna yiyələnən Mirqabil müəllim onunla tam əks mövqedə dayanan müxalifətçi Ağaddin Niftiyevində də (Əlikram Hümmətovun qeyri rəsmi hakimiyyəti dövründə də) vəzifəsini qoruya bildi. Daha sonra isə YAP-çı icra başçılarının sevimlisinə çevrildi. Təkcə Şahin Məmmədov dövründə , 70 yaşının təntənəli yubileyindən sonra bu “dostluğu” qoruya bilmədi. 

Masallını qarışmdırmaqda, bir-birinə qarşı qoymaqda usta olan Şahin Məmmədov o vaxtkı təhsil şöbəsinin müdiri Tariyel Əkbərovala onu üz-üzə qoydu. Bir çoxlarını qorxu, şantaj altında saxlayan Mirqabil Hüseynovun xofu Tariyel Əkbərovu qorxutmadı və onnla açıq mübarizəyə girdi. Sonda M. Hüseynov qeeyri-rəsmi direktorluqla da vidalaşdı. Daha sonra isə Şahin Məmmədov Tariyel Əkbərovun özü ilə vidalaşdı.

  Mirqabil Hüseynov asan udulan “tikə” deyil. Müxalifətçi icra başçısı ilə son tədbirdə dediyi “Elə etmə, qızıl ilan olub, saralım boynuna” ifadəsi unudulmayıb.

Mirqabil Hüseynova çox “daşlar” atılıb. Ən böyük “daş” isə təxminən 2 il öncə, “Təhsil.biz” saytından atıldı. Daha sonra bu yazıları Masallıda fəaliyyət göstərən 2 sayt paylaşdı. Olduqca kəskin yazı idi. M. Hüseynovun mənfilikləri burada tam çılpaqlığı ilə öz əksini tapmışdı. Yazılanları təkzib edə bilməsə də, M. Hüseynov rayondakı saytlardan o yazını sildirə bildi. Daha necə, bunu bilənlər bilir.

Zaman var idi Mirqabil Hüseynov hər yerdə var idi - Şəhər Ağsaqqallar Şurası, Cümə məscidinin söz sahibi, , “Ziyalılar birliyi” İB-nin 3 təsisçisindən biri.

Onun Ad günlərində məclisə gələnlərin yarısı bir-biri ilə danışdırmasa da, o hamı ilə danışırdı.

Onun öz “Yarmmədi”, öz “lal Hüseyni”, öz “Yastı Salmanı”, öz “Qaloşu” olub. 

Onunla küsülü qalmaq da çətin məsələ idi.

Eh, Miqabil Hüseynovla bağlı deyiləsi söz o qədərdir ki.

O qeyri-sdandart hərəkətləri ilə ən yaxınlarını, hətta övladlarını da çaşdırırdı.

Qazandıqlarını isə əmlaka, vəzifəyə çevirə bilib.

 Hətta bəzən maraqlı zarafatları da olurdu.

 Bir dəfə o, Təhsil Şöbəsinin qarşısında kostyumlu, qalstuklu rəsmi formada dayananda biri ona yaxınlaşıb deyir ki, bağışlayın, Təhsil Şöbəsinin müdiri sizsiniz.

Mirqabil Hüseynov isə onu qəribə baxışlarla süzüb:

-Ay bala, mən çox çalışdım, çox maya qoydum, çox gedişlər etdim, xeyri olmadı, VERMƏDİLƏR. Müdir içəridədir.

Onunla bağlı “Özgə yerin yüz Çəkməsi yığılsa, yurdumdakı bir Qaloşa tay olmaz”, “Balaca seyidlər küçədə nəzir yığır, böyük seyidlər kabinetdə” deyimlərinin də qəribə tarixçiləri var. 

Mirqabil Hüseynovdan sonra o məktəbdə heç kim duruş gətirə bilmirdi. Öncə Masallı Təhsil Şöbəsinin metodisti Vəli Ağayevə, sonra şəhid anası Mehriban Sultanovaya, daha sonra qısa müddətə də olsa, Samit İslamov bu vəzifə həvalə edildi. Lakin onların heç biri bu vəzifədə duruş gətirə bilmədi.

1 saylı tam orta məktəbin direktorluğu şəhər məktəblərinin, eləcə də bir neçə məktəbin bərk gedən direktorlarına təklif edilsə də, onlar bu vəzifəni qəbul etməyə Ağanin qorxusunda ürək etmədilər.

Nəhayət, Lənkəran-Astara Regional Təhsil idarəsinin rəhbəri Elxan Nəcəfovun qətiyyətli, bəlkə də riskli addımı nəticəsində Ağamməd Şəmmədov bu günlərdə həmin məktəbə direktor təyin edildi.

Ağamməd Şəmmədovun 44 yaşı var. Masallı rayonunun Mahmudavar Ərazi Dairəsinə daxil Rudakənar kəndində anadan olub, 70 nəfərlik Mollon məktəbinin direktoru işləyirdi. Direktorluq imtahanlarında 40 mümkün baldan 35 bal toplayıb. Gəncdir. Bir sıra maraqlı təşəbbüslərin müəllifidir.

Amma onu da nəzərə alaq ki, Ağamməd müəllim ideal da deyil. Nöqsanların sadalayıb onu hələlik “güllə” qabağına da qoymaq istəmədim. Onu qarşıda çətin sınaqlar gösləyir

Arzu edək ki, 1 saylı məktəb doğrudan da nömrə 1-ə çevrilsin

Qaldı ki, Mirqabil Hüseynov haqqında dediklərimizə.

 Bütün bu yazdıqlarımızın çoxu onun heç kefinə də deyil. 

Onun haqqında deyiləsi söz isə həddən çoxdur. İntəhası, dəyərəli şairimiz Böyükxan Pərviz demişkən “Məni öldürəni Əfv eeləmişəm, çünki ya dost çıxır, ya qardaş çıxır.”

Sonda yeni direktorAğamməd müəllimə uğurlar, Mirqabil müəllimə uzun ömür, 4 qardaş kafesində xoş istirahətlər və heç olmasa 1 ay yalansız güzəran arzulayıram. 

Cenub.az Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10