Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Peyğəmbərin ailə həyatı möminlər üçün çox gözəl nümunələrlə zəngindir..."


"Ailə daxilində zorakılığın yerinə gözəl rəftar, sevgi, hörmət və nəzakətin, toqquşma və çəkişmənin yerinə xoşbəxtlik və dincliyin, səbirsizliyin yerinə anlayışın və bir-birini başa düşməyin, haqların pozulmasının yerinə haqlara hörmətin, sədaqətsizliyin yerinə iffət, həya, sədaqət, vəfa və etimadın, ikiüzlülük və səmimiyyətsizliyin yerinə doğruluq, dürüstlük və səmimiliyin ən gözəl nümunələrini özü ən gözəl nümunə olan Allah Rəsulunun (s.a.s.) ailə həyatında görmək mümkündür".

 

Ailədaxili problemlərin həlli...

 

Bəzən əzvaci-tahirat (Peyğəmbərimizin(s) mübarək xanımları-red.) arasında da inciklik olurdu. Bu kimi hallarda yenə Allah Rəsulu (s.a.s.) araya girib zarafatları ilə onları barışdırırdı. Hətta bəzən sözləri deyil, əl-qolu da işə qarışdırmalı olurdu!

 

Bir gün Aişə anamız Rəsulullaha (s.a.s.) süd və ya su ilə qarışdırılmış bir un yeməyi bişirmişdi. Bu vaxt Sevda anamız da Rəsulullahın düz yanında durmuşdu. Peyğəmbərimizə yemək verən həzrət Aişə Sevda anamızı da yeməyə dəvət etdi. Ancaq o, yemək istəmədi. Aişə anamız ona:

 

− Ya sən oturub bu yeməyi yeyəcəksən, ya da yeməyi üz-gözünə yaxacağam, – deyib onu məcbur eləmək istədi.

 

Ancaq həzrət Sevda fikrini dəyişmədi. Bəlkə də, onların arasında inciklik olmuşdu, ona görə də yeməyə yaxın durmurdu. Elə bu vaxt Aişə yeməkdən bir qədər götürüb Sevdanın üzünə yaxdı! Bu hərəkətini Allah Rəsulu təbəssümlə qarşıladı. Rəsulullah (s.a.s.) Aişə bu zarafatyana hərəkətindən onları barışdırmaq üçün yaxşı faydalandı. Yeməyi götürdü və Sevda anamıza uzadaraq:

 

− Sən də ona eyni şeyi elə, – buyurdu.

 

Sevda Peyğəmbərimizin dediyi kimi elədi, yeməyi Aişənin üzünə yaxdı. Hamısının simasına təbəssüm qonmuşdu.

Bu da bir həqiqətdir ki, onların bu vəziyyəti müvəqqəti idi. Bəzən dəqiqələr çəkirdi və uzunmüddətli incikliklərə səbəb olmurdu. Bu cür anlaşılmaz vəziyyətləri dərhal aradan qaldırardılar.

 

Sevda Peyğəmbərimizin (s.a.s.) digər həyat yoldaşlarından bir az yaşlı və artıq çəkili idi. Bunu özünə dərd edən Sevda Peyğəmbərimizin (s.a.s.) onu boşayacağını zənn edib yanına gəlmiş və:

 

– Nə olar, məni boşama və yanından ayırma! Eybi yox, mənə ayırdığın günü də Aişəyə verirəm. Həyat yoldaşlarının səndən istədiklərini istəmirəm. Yeganə istəyim axirətdə sənin zövcən olmaqdır.[6]

 

Bir dəfə də Peyğəmbərimiz (s.a.s.) Səfiyyəyə narazılığını bildirdi. Bununla Səfiyyəyə bəzi yanlışlıqlarını bildirmək istəyirdi. Ərinin ondan narazı olduğunu hiss edən Səfiyyə anamız həzrət Aişənin yanına gələrək ona belə demişdi:

 

− Ey Aişə, Rəsulullahın könlünü ala bilərsən? Bunu bacarsan, əvəzində öz günümü sənə verəcəyəm.

 

Aişə anamız dərhal razılaşdı:

 

− Yaxşı, olar, – dedi və Həzrət Səfiyyənin zəfəran rəngi ilə boyanmış baş örtüyünü götürüb su ilə islatdı. Bunu başörtüyünün özünəxas qoxusu gəlsin deyə etdi. Sonra da gedib Rəsulullahın yanında oturdu.

 

Aişə anamızın başqa zövcəsinin günündə yanına gəldiyini görən Allah Rəsulu təəccübləndi. O, zövcələri arasında bölüşdürülmüş günlərin ardıcıllığına riayət etməkdə son dərəcə ədalətli davranırdı. Ona dedi:

 

− Bu gün sənin növbən deyil.

 

Həzrət Aişə:

 

− Ya Rəsulallah, – dedi, – bu, Allahın dilədiyi insana bəxş etdiyi bir lütfdür!

 

Həzrət Aişə söhbəti Səfiyyə anamızdan salıb məsələni xırdalığınadək Allah Rəsuluna bildirdi. Həzrət Səfiyyə ilə söhbət elədiyini və onun üzülüb peşman olduğunu danışdı. Aişə anamızın onların arasını düzəltməyə çalışdığını hiss edən Rəsulullah sevindi və bu süruru qəmər üzlü simasında əks olundu.[7]

 

Bir gün də Aişə anamız Allah Rəsuluna (s.a.s.) nazlı əda ilə Səfiyyə anamızın boyunun qısalığına diqqət çəkib:

 

– Bəsdir Səfiyyəyə bu qədər dəyər verdiyin, – dedi. Rəsulullaha bildirmək istədi ki, Səfiyyə anamıza daha çox vaxt ayırmasın.

 

Peyğəmbərimiz onun sözlərinə qəzəblənib belə dedi:

 

– Sən elə bir söz işlətdin ki, onu dənizlərə töksəydin, suyunu bulandırardı.

 

Həzrət Aişə dediyinə min peşman oldu. Ona görə də Rəsulullaha dönüb:

 

– Mən ancaq onun xarici görünüşünü təsvir etmək istəmişdim, – dedi.

 

Allah Rəsulu buyurdu:

 

– Əvəzində dünyalar da verilsə, başqasının bu cür təsvir edilməsinə razı olmaram![8]

 

Həzrət Aişə bu hadisədən sonra Səfiyyə anamızı Rəsulullahın bir əmanəti kimi gördü. Qəlbini hər cür xoşagəlməz hisslərdən təmizləyərək onunla xoş münasibət qurdu və ən çətin anlarda, ən çətin məsələlərdə onunla birgə hərəkət etdi.

 

Bir gün Aişə anamızın başı ağrıyırdı. Ağrıyan başını tutaraq belə dedi:

 

– Vay bu baş ağrısı məni birtəhər elədi!

 

Bunu eşidən Peyğəmbərimiz (s.a.s.) ona belə dedi:

 

– Əsas mənim başım ağrıyır!

 

Ardınca əlavə elədi:

 

– Məndən əvvəl ölməyinin heç bir əhəmiyyəti yoxdur. Səni yuyar, kəfənləyər, cənazə namazını qıldırar və məzarına öz əllərimlə dəfn edərəm.

 

Rəsulullahdan (s.a.s.) heç gözləmədiyi sözləri eşidən Aişə anamız əvvəl təəccüblə Ona baxdı. Rəsulullahın şəfqətli baxışları ilə qarşılaşdı. Zarafat elədiyini anladı. Bu zarafata zarafatla cavab vermək lazım idi. Peyğəmbərimizin təbəssümünə səbəb olacaq bu cümləni dedi:

 

– Mən öləndən sonra dəfn işlərimi tamamlayıb ardınca digər zövcələrinlə bərabər olmaq, onlarla daha çox vaxt keçirmək istəyirsən eləmi?[9]

 

Bu nümunələrin sayını artırmaq mümkündür. Bəli, Allah Rəsulu (s.a.s.) peyğəmbərliyin ağır məsuliyyəti və ciddiyyətinə rəğmən ailəsinə və övladlarına qarşı çox tələbkar davranmamışdır. Əksinə, onlar kimi sadə və təbii bir həyat yaşamışdır. Hətta vaxtaşırı onlarla birgə əyləncəyə də vaxt ayırmışdır. Məsələn: Bir bayram ərəfəsində həzrət Aişə ilə birgə məsciddə səhnəciklər göstərən həbəşlilərə tamaşa etmişdir.[10]

 

Bunu da bilməliyik ki, Rəsulullah (s.a.s.) əyləncədə dinin sərhədlərinin aşılmasına dərhal müdaxilə etmiş və bu sərhədləri həssaslıqla qorumuşdur.

 

Günlərin birində Peyğəmbərimizin hüzuruna bir qadın çalğıçı gəlmişdi. Hər halda, məharətini göstərmək istəyirdi. Rəsulullah (s.a.s.) Aişə anamıza:

 

− Ey Aişə, – deyə buyurdu, – bunu tanıyırsan?

 

Aişə anamız Peyğəmbərimizin göstərdiyi qadına baxdı. Yox, tanımırdı.

 

− Xeyr, ey Allahın Nəbisi, – deyə cavab verdi.

 

Rəsulullah:

 

− Bu qadın filan qəbilədəndir, özü də çalğıçıdır, – buyurdu və ardınca soruşdu, – sənin üçün bir şey çalsın?

 

Aişə anamız:

 

− Bəli, – dedi.

 

Çalğı alətlərini əlinə alan qadın elə təzəcə ortaya çıxıb məharətini göstərməyə başlamışdı ki, Rəsulullahın üzündə narazılıq əlamətləri görünməyə başladı. Aişə anamız təcrübəli idi. Bir dəfə otağında oyun oynayan iki qızın hərəkətlərindən Allah Rəsulunun xoşnud olmadığını görmüşdü. Əyləncə əndazəsini aşdımı, Rəsulullah dərhal xəbərdarlıq edirdi. İndi də eyni şey təkrarlanırdı. İstər qadının oxuduğu nəğmələr, istərsə də elədiyi hərəkətlər mömin ciddiyyətinə qətiyyən yaraşmırdı. Rəsulullahın xəbərdarlığı özünü çox gözlətmədi. Üzünü Aişə anamıza tutdu və narahatlığının səbəbini dilə gətirdi:

 

− Şeytan bu qadının səs tellərinə sirayət edib![11]

 

Bəli, Rəsulullahın (s.a.s.) ailəsində həm dini məsələlərə ciddiyyətlə yanaşılır, həm də ev əhlinin haqlarına riayət edilirdi. Həmçinin Onun ailəsi axirəti düşünərək yaşamağa çalışır, dünyadan da nəsibini unutmurdu. Rəsulullah (s.a.s.) ömrünün son üç ilini eyni anda doqquz zövcəsi ilə birgə keçirmişdir. Fərqli mühitlərdə və xarakterlərdə olan doqquz xanımla birgə yaşamasına baxmayaraq, onların hər birinə ayrıca vaxt ayırmışdır. Hərəsi ilə ayrılıqda qibtə ediləcək ailə həyatı yaşamışdır ki, bu da Onun fətanətindən irəli gəlir. Bütün zövcələri Peyğəmbərimizin (s.a.s.) xətrini çox istəmişdir. Allah Rəsulu (s.a.s.) həyat yoldaşlarını əsla incitməmiş və heç vaxt onlara fiziki şiddət tətbiq etməmişdir.

 

Xülasə, həzrət Peyğəmbərin ailə həyatı möminlər üçün çox gözəl nümunələrlə zəngindir. Ailə daxilində zorakılığın yerinə gözəl rəftar, sevgi, hörmət və nəzakətin, toqquşma və çəkişmənin yerinə xoşbəxtlik və dincliyin, səbirsizliyin yerinə anlayışın və bir-birini başa düşməyin, haqların pozulmasının yerinə haqlara hörmətin, sədaqətsizliyin yerinə iffət, həya, sədaqət, vəfa və etimadın, ikiüzlülük və səmimiyyətsizliyin yerinə doğruluq, dürüstlük və səmimiliyin ən gözəl nümunələrini özü ən gözəl nümunə olan Allah Rəsulunun (s.a.s.) ailə həyatında görmək mümkündür./moderator az 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10