Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkənin ictimai nəqliyyat dərdi - köhnə avtobuslar, vecsiz sürücülər...


Ekspert: “İctimai nəqliyyatda müasir standartlara cavab verən sərnişindaşımanı təşkil etmək üçün bu işi həm də xarici şirkətlərə həvalə etmək olar”

Uzun illərdir ölkədə, xüsusən Bakı və Sumqayıtda ictimai nəqliyyatda ciddi problemlər hökm sürür. Müxtəlif proqramlar icra olunsa da, ictimai nəqliyyatla bağlı problemlər həllini tapmır. Xüsusilə avtobusların köhnə olması, sürücülərin vecsizliyi, yollarda avtoxulqanlıq belə etmələri, tərbiyəsiz davranışları mütəmadi təkrarlanır. Hətta tez-tez narkoman sürüclər də aşkarlanır, bu yaxınlarda bir sürücü elə sükan arxasında narkotik doldurub çəkərkən kameralara düşmüşdü.

Dövlətin bu sahəyə ciddi müdaxiləsi gərəkir. Necə etməli? İctimai nəqliyyat xaosundan qurtarmağın yolu, mexanizmi yoxdurmu?

Nəqliyyat eksperti Eldəniz Cəfərov təklif edir ki, Bakı da daxil olmaqla, ictimai nəqliyyatda müasir standartlara cavab verən sərnişindaşımanı təşkil etmək üçün bu işi həm də xarici şirkətlərə həvalə etmək olar: “Bu, ictimai nəqliyyatın tamamilə xarici şirkətlərə verilməsi demək deyil.  Vəziyyət o yerə çatıb ki, ölkə başçısı nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.  Fərman Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin davam etdirilməsi məqsədi daşıyır. Bu fərmanla həmçinin Bakı Nəqliyyat Agentliyi Bakı şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi. Bu fərmanın verilməsindən 3 aydan çox zaman keçib. Ümid edirəm ki, payızda, yaxud ilin sonuna qədər bununla bağlı müvafiq tədbirlər görülər, həm Bakıda, həm Sumqayıtda, həmçinin digər şəhərlərdə sərnişindaşıma sahəsində keyfiyyətli xidmətin şahidi ola bilərik”.

Eldəniz Cəfərov

Xatırladaq ki, sözügedən fərmanla agentlikdə (BNA) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Agentliyin yenidən təşkil və ləğv edilməsi), Nazirlər Kabinetinə (Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Agentliyin nizamnaməsinin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin idarəetmə orqanlarının yaradılması, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Agentliyin işçilərinin say həddinin təsdiqi, “Publik hüquqi şəxslər haqqında” qanuna yğun olaraq Agentliyin mənfəətinin dövlət büdcəsinə köçürülməsi barədə qərar qəbul edilməsi) həvalə edilib.

Bakı Şəhər İcra Hakimiyyətinə fərmanda nəzərdə tutulmuş bəzi hallar istisna olmaqla, “Publik hüquqi şəxslər haqqında” Qanundakı publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli tapşırılıb.

Agentliyin tabeliyində olan “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10