Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Lütfəli Abdullayev mənim üçün otelə yeməklər göndərirdi, deyirdi ki, qızımın payıdır


““Ulduz” filminə çəkiləndə 3 ay Astarada qaldıq. Mən o aktyorların övladları ilə yaşıd olardım. Çoxu ailəsi ilə gəlmişdi. Mənə onların hamısı diqqət edirdi, amma ən böyük qayğını Lütfəli Abdullayevdən görürdüm. Onu hamı çox istəyirdi, bütün günü qonaq çağırırdılar, qoymurdular ki, bir dəqiqə mehmanxanada olsun. Həmişə də deyirdi ki, əvvəl mənim qızımın payını göndərin, sonra mən sizinlə oturub yeyim. Mən mehmanxanada olan yeməkləri sevmirdim, Lütfəli Abdullayev mənim üçün yeməklər göndərirdi. O yeməklər nəinki mənə, bütün kollektivə çatırdı”.
 
Bunu açıqlamasında əməkdar artist Suğra Bağırzadə deyib. O daha sonra əlavə edib.

“Öz diplomuma çox hörmət etmişəm. Hər zaman mühəndis vəzifəsində işləmişəm, aktrisa və rəssamlığı isə paralel inkişaf etdirmişəm. Kinostudiyada növbə rəisi, aşkarlanma sexində çalışmışam. Bütün bunlara cavabdeh idim. Təsəvvür edin, “brak” plyonka olarsa, film nə halda olardı?! Mən qabda olan hər bir plyonkanı dəqiq yoxlayırdım, sonra filmlərə bölüşdürürdüm. Əlbəttə ki, həm aktrisa, həm də mühəndis kimi çalışmaq çox çətin idi. Mühəndis olmasaydım bəlkə də daha çox filmlərdə çəkilərdim. Kinostudiyanın o vaxtkı direktoru da mühəndis olduğum üçün məni filmlərə çəkilməyə qoymurdu. O vaxt natura filmlərinin çoxu rayonda olurdu, mənim də buna vaxtım olmurdu. Filmlərimə fikir versəniz görərsiniz ki, çoxu Bakıda çəkilib” deyə sənətkar bildirib.
 
Suğra Bağırzadə yeni sərgisindən də danışıb.

“Əsərlərimi işləmək asan deyil. Güllərin üstündə işləyəndən sonra onlar keramika materialına düşür. Bəzən məndən 2 il, 3 il vaxt alır. Demək olar ki, bu güllərlə zərgər işidir. Güllərə olan sevgim anamdan mənə keçib. Çünki o da gülləri, bitkiləri sevirdi. Evdə anamın nə qədər dibçək gülləri var idi. Pandemiyaya görə sərgim ertələnmişdi, bu gün nəhayət ki, “Gülün gücü” adlı sərgim keçiriləcək. Çox sevincliyəm, həm də həyəcanlıyam. Çünki uzun müddətdir ki, heç bir sərgidə iştirak etmirəm, özüm də sərgi təşkil etmirəm” deyə sənətkar bildirib./moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10