Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda 5 il öncə baş vermiş oğurluq hadisəsi “düyün”ə düşüb: Bakıdan gələn əməliyyatçı da “aciz” qalıb


Hələ bir müddət əvvəl Masallı rayonunda baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat vermişdik.

2017-ci ilin 10 iyununda baş vermiş hadisənin üstü hələ də açılmayıb.

Belə ki, Masallı rayonu, Yeyənkənd kəndinin sakini Müslim Məmmədovun evindən ümumi dəyəri 30 min manat olan qızıl və ziynət əşyaları oğurlanıb. Həmin vaxtdan bəri aparılan əməliyyat-axtarış tədbirləri hələ də nəticə verməyib. İndiyə qədər baş vermiş hadisənin araşdıran müstənqilərin sayı isə 4-ü keçib. Lakin hələ də ortada heç nə yoxdur.

Zərəçəkən Müslim Məmmədov indiyə qədər döymədiyi qapı qalmayıb. Sonuncu dəfə bu ilin aprelində Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Lənkəranda səfərdə olarkən onunla görüşməyə nail olan Məmmədov, oğurluq hadisəsinin bütün təfsilatını danışıb.

Müslüm Məmmədov redaksiyamıza müraciət edərək bildirib ki, həmin görüşdən sonra nazir Masllıya xüsusi nümayəndə göndərib. “Əməliyyat-Axtarış İdarəsinin əməkdaşı İnqilab Ağayev rayona gəldikdən sonra məni qəbul etdi, fikirlərimi dinlədi. Lazım olan qeydləri götürdü. Cənab nazirə təşəkkür edirəm ki, etdiyim şikayətə dərhal reaksiya verdi. Lakin indiyə qədər hələ də cinayətin üstü açılmayıb”.

Qeyd edək ki, İnqilab Ağayev DİN-in təcrübəli əməliyyatçılarından biri hesab olunur. İndiyə qədər onun bir çox cinayətlərin üzərini açdığı da məlumdur. Hətta Masallıya ezam olunduqdan sonra 8 il öncə baş vermiş oğurluq hadisəsinin üstünü belə açmağa nail olub. Lakin nə hikmətdirsə, 5 il bundan öncə, özü də günün günorta çağı Müslüm Məmmədovun evindən edilmiş oğurluğun üstü hələ də açılmamış qalır.

Zərərçəkən deyir ki, bu işin açılmamasında hansısa maraqlı adamların və ya maraqlı məqamların olmasından şübhə edir. Onun sözlərinə görə, hələ istintaqın ilkin dövründə müstəntiqlər də açıq deyiblər ki, onlar cinayətin kimlər tərəfindən törədilə biləcəyini təxmin ediblər. “Amma həmin vaxtdan bəri 4 müstəntiq dəyişib. İndiyə qədər həmin müstəntiqlərə nə mane olub ki, cinayətin üstünü aça bilmirlər? Onlara mane olan kimdir,hansı səbəblərdir? Məndə belə bir fikir yaranıb ki, bu cinayətin üstünün açılmasına hansısa maraqlı adamlar imkan vermilər. Başqa heç nə düşünə bilmirəm. Çünki hər şey açıq-aydın ortadadır”.

Bildirək ki, Müslüm Mməmmədovun evindən oğurluq edildikdən sonra hadisə yerinə gələn polis əməkdaşları zəruri olan bütün addımları atıblar. Bundan başqa, əl izləri də götürülüb. Ancaq bir müddət sonra Masallı polisindən zərərçəkənə bildiriblər ki, guya, əl izləri aydın düşmədiyindən şəxsin kimliyini dəqiqləşdirmək mümkün olmayıb. “Azərbaycan polisi kifayət qədər peşəkardır. Onların indiyə qədər ən gizli, ən təcrübəli cinayətkarlar tərəfindən törədilmiş cinayətlərin üstünü açdıqları da sirr deyil. Aamma necə olursa, bunca mürəkkəb və çətin cinayətlərin üstünü açmağı bacaran polis əməkdaşları mənim evimdən edilmiş oğurluğun üstünü 5 ildir aça bilmirlər. Axı, onlara mane olan səbəb nədir? Kimdir bu peşəkar oğru ki, 5 ildir yaxasını ələ vermir? Adını da qoyunlar ki, guya, dəlil və sübut yetərsizliyi var. Mən zatən mümkün olan bütün ehtimalları, faktları onlara demişəm. İddia etmirəm ki, mənim dediklərim Quran ayəsidir. Lakin bu dediklərim, əlimdə olan məlumatlar, habelə istintaq dövründə verilən ziddiyyətli izahatlardan da aydın olunur ki, cinayəti kim törədib. Di gəl, bu məsələ Qordi düyününə dönüb”.

Müslüm Məmmədov deyir ki, qızılların konkret olaraq kimlər tərəfindən oğurlandığı aydın bilinir. “Bunu hətta həmin şəxsin özü də bir neçə dəfə etiraf edib. Və səbəb kimi, oğlumla olan münasibətləri, Kazanda olarkən aralarında yaranmış mübahisəinin acığına etdiyini də dilə gətirib. Eyni zamanda, istintaqda dindirmə zamanı hadisədə şübhəli bildiyimiz şəxslərdən biri yalan ifadə verdiyi üçün barəsində məhkəmə qərarı ilə 10 sutka həbs cəzası çıxarılıb. Lakin həmin şəxsin himayəsində azyaşlı uşağın olması səbəbindən bu həbs ev dustaqlığı ilə əvəz edilib”.

Müslüm Məmmədov başqa maraqlı məqamlara da toxunub. O deyir ki, şübhələndikləri, habelə oğurluiğu etdiyinə əmin olduqları şəxs bu gün də onlarla düşmənçiliyinə davam edir. Onun sözlərinə görə, hələ hadisədən bir qədər sonra Masallı rayon Polis Şöbəsinin rəis müavinlərindən biri onu və şübhələndikləri şəxsi şöbəyə dəvət edərək, onlardan barışmağı, dəymiş zərərin isə yarısının məhz şübhələndikləri şəxs tərəfindən qarşılanacağını təklif edib. “Həmin vaxt bildirdim ki, bu mümkün deyil. İstintaq da sübut edir ki, oğruluğu kim edib və tələbim həmin şəxsin saxlanılması və mənə dəymiş ziyanın ödənilməsidir. Bundan sonra məsələ yenə “letargiya yuxusu”na döndü. Düz 5 ilə yaxındır ki, nə oğru tapılır, nə də bizə dəymiş ziyan ödənilib”.

Digər maraqlı məqam isə odur ki, şikayətçinin şübhələndiyi şəxs öz kəndçisinə 30 min manat pul təklif edərək, onun Müslüm Məmmədovdan şikayətçi olmasını istəyib. “Həmkəndlim əvvəlcə gəlib, bunu mənə dedi. Daha sonra isə bizimlə birlikdə Masallı rayon Polis Şöbəsinə getdik. Orada baş verənləri danışdı, istintaqa ifadə verdi. Həmin ifadədə qeyd edilir ki, şübhələndiyim şəxs mənim evimdən oğurluq etdiyini etiraf edib və deyib ki, bu əməli acığa törədib. İndi isə 30 min təklif edir ki, həmkəndlimi məndən şikayətçi salaraq, həbsimə nail olaraq, bu yolla işi ört-basdır etsin”.

Bundan başaqa, şübhələndikləri şəxsin yaxınları Müslüm Məmmədovla görüşərək, oğurlanmış qızıllların dəyərində pul toplayaraq, həmin vəsaitlə ziynət əşyalarını almağa hazır olduqlarını deyib. “Mənə dedilər ki, oğurlanmış qızılların yarı pulunu verməyə hazırdırlar. Lakin mən yenə də imtina etdim. Qızıllarımın tamının geri verilməsini bildirdim”.

Masallı sakini Bakıdan nazirin göstərişi ilə gəlmiş müstəntiqin də prosesdə aciz qaldığını deyir. “İnqilab Ağayev təcrübəli əməliyyatçılardan biri hesab olunur. Onun bu prosesdə aciz qalması, hələ də işin üstünü aça bilməməsi məndə təəccüb doğurur. Cənab nazir, bəlkə siz bu məsələni daha da dərindən araşdırılmasını tələb edəsiniz. Çünki bu işin içində hansısa qüvvənin və ya marağın cinayətin ört-basdır edilməsinə şərait yaratdığı şübhəm var. Başqa bir halın olmasını düşünə də bilmirəm. Ona görə ki, Azərbaycan polisinin bacarıqsız və ya təcrübəsiz olduğuna inanmıram. Bu cinayətin üstünün açılmamasının tək səbəbi kimi, kənar müdaxilənin və ya kənar marağın olduğunu düşünürəm”.

Müslüm Məmmədov təkrar olaraq DİN başçısı, general-polkovnik Vilayət Eyvazova müraciət edərək, ondan xahiş edib ki, bu məsələnin üstünün açılmasına köməklik göstərsin. “Çox sağ olun ki, məni qəbul etdinizi, dinlədiniz. Yenə də çox sağ olun ki, həmin görüşümüzdən sonra baş vermiş cinayət hadisəsinin açılması üçün Masallıya əməliyyat işçisi göndərdiniz. Lakin görünən odur ki, bütün bunlar yetərli deyil. Hansısa sehirli qüvvə, maraqlı şəxs və ya şəxslər bu cinayətin üstünün açılmasına imkan vermir. Ona görə də, təkrar olaraq, məsələ barədə zəruri addımların atılması üçün tapşırıq verməyinizi xahiş edirəm. Nəzərinizə çatdırıram ki, bu hadisə mənim və həyat yoldaşımın səhhətinə, psixologiyasına o qədər pis təsir edib ki, az qala hər ikimiz yataq xəstəsi olaq. Sizdən bird aha xahiş edirəm ki, məsələni şəxsi nəzarətinizə götürüb, daha dərindən araşdırılması barədə göstəriş verəsiniz”.

JAMAZ.İNFO





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10