Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı Ensiklopediyası -32-ci yazı: Viləş (Kalinovka) İnzibati Ərazi Dairəsi


Ərazinin özəllikləri:

Viləş (Kalinovka) kəndi rayonda ilk və yeganə rus kəndi olub.

Ərazidə XIX əsrin sonlarında su dəyirmanı və od dəyirmanı (mazutla işləyən) tikilmişdi.

Od dəyirmanı kəndi elektrik enerjisi ilə də təmin edirdi.

Masallı rayonunda ilk təhsil ocağı (4 illik ibtidai  məktəb) 1860- cı ildə Nikolayevkada (Kalinovkada, indi Viləş) açılmışdır.

1867-ci ildə o dövrün məşhur etnoqraf-alimi Maksimov Nikolayevka (indi Viləş) kəndində olmuşdur.

1883-cü ildə böyük rus yazıçısı Lev Uspenskiy Nikolayevkada (Viləş) olmuşdur. 

Keçən əsrin əvvəllərində Ərkivanın Mehdi bulağından bu kəndə su xətti çəkilmişdir. Su xəttinə nəzarət məqsədilə 22 quyu qazılmışdır.

1923-cü ildə Nikolayevkada (indi Viləş) kəndində Telefon Danışıq Məntəqəsi vardı.

1923-cü ildə Nikolayevkada (Viləş) Poçtxana fəaliyyət göstərirdi.

Brızqalin Sergey Nikolayeviç               - Sosialist Əməyi Qəhrəmanı – Masallı rayonunda bu ada layiq görülən ilk və son kolxoz sədri-sovxoz direktorudur. 

İsmayılov Rəsul Cəlil oğlu – (1906-1992). 1934-cü ilin “otuzminçilər” hərəkatının üzvlərindəndir.

İsmayılov Məhərrəm Tomar oğlu – Rayonda yeganə olaraq SSRİ və Azərbaycan SSR Rəssamlar İttifaqının üzvüdür.

Əsgərli İntiqam Bayram oğlu  - “Vətən Müharibəsi Qəhrəmanı”dır. Bir evdən 2 şəhid verən ailə də bu kəndəndir.


Bəlli olduğu kimi 70 sayllı Masallı Seçki Dairəsindən olan Millət Vəkili Məşhur Məm-mədovun təşəbbüsü və “Masallı Təhsil Fondu”nun dəstəyilə “Masallı Ensiklopediyası” hazırlanır. Xəbər verdiyimiz kimi Masallının qədim tarixi, eləcə də təhsil, səhiyyə, mədə-niyyət, mətbuat, idman, musiqi … tarixi haqqında silsilə  yazılar hazırlanıb masallıda.az və cenub.az saytları vasitəsi ilə sizlərə təqdim olunmuşdur. Vəd etdiyimiz kimi vaxtaşırı olaraq Masallı rayonunun İnzibati Ərazi Dairələri üzrə (hər dairədəki kəndlər də daxil olmaqla) məlumatları sizə təqdim edirik.  Xahiş edirik ki, məlumatlara təkcə izləyici kimi baxmayın, bizdən irad tutmağa  da tələsməyin. Çalışın ki, təkliflərinizi verib, bizə yardımçı olasınız.

 
İşçi qrupun telefonları:

 
Zahir Əmənov (qrupun rəhbəri): - 0 50 322 75 23 (Həm də NAR-la)

 
Əlizaman Baxış:  - 0 50 427 70 25
 
Akif Ağayev – 050 3713513
 
Faiq Hüseynzadə - +7 921 278 51 21 (ancaq vatsap)

 
     Bu silsilədən Boradigah qəsəbəsi, Qızılağac, Kolatan, Xırmandalı, Qəriblər, Qızıla-var, Mahmudavar, Təzəkənd,  Köhnə Alvadı, Qodman, Yeyənkənd, Səmidxan, Çaxırlı, Miyankü, Təklə, Göyəçöl, Türkoba, Həsənli, Lürən, Şərəfə, Öncəqala, Tüklə, Qarğalıq, Sərçuvar, Güllütəpə, Musaküçə, Şıxlar, Banbaşı, Hişkədərə, Xıl İnzibati Ərazi Dairələri  ilə bağlı  yazıları artıq sizə təqdim etmişik. Bu dəfə isə Viləş İnzibati Ərazi Dairəsi ilə bağlı məlumatlarla tanış olun:

 
1. Boradigah
   2. 
Qızılağac
   3. 
Kolatan
 
4. Xırmandalı
 
5. Qəriblər
 
6. Qızılavar
 7. 
Mahmudavar
 
8. Təzəkənd
 
9. Köhnə Alvadı
 
10.Qodman
  11.
Yeyənkənd
 
12. Səmidxan
 
13. Çaxırlı
 
14. Miyanku
 
15. Təklə
 
16. Göyəçöl
 
17. Türkoba
 
18. Həsənli
 
19. Lürən
 
20. Şərəfə
 
21. Sığdaş
 
22. Öncəqala
 
23. Tüklə
 
24. Qarğalıq
 
25. Sərçuvar
 
26. Təzə Alvadı
 
27. Güllütəpə
 
28. Musaküçə

29. Şıxlar

30. Hişkədərə

31. Xıl

 

VİLƏŞKƏND Ərazisi 1 kəndi əhatə edir:  Viləş kəndi


Kəndin adı:          Viləş (Kalinovka)    


Əhalisi:  2753 nəfər (01.01. 2021-ci il tarixə). 

O cümlədən: kişi – 1421 nəfər, qadın – 1332 əfər.

Kənddə XIX əsrin sonlarında 200-dən çox evin olduğu göstərilir. Kənddə vaxtilə rusdilli molokanlarla türk dilli azərbaycanlılar yaşamışlar. Keçən əsrin 90-cı illərindən ruslar kəndi tərk eləməyə başlamış və indi çox cüzi sayda - 2 rus dilli ailə qalıb. Kəndin əksər əhalisi türkdilli azərbaycanlılardır.


Ərazisi:                  1444 ha
Coğrafi mövqeyi: 

Ərazi dairəsi Masallı rayon mərkəzindən şərqdə, Muğan zonasında, aran ərazidə, düzənlik sahədə yerləşir.


Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik (taxılçılıq və üzümçülük) və maldarlıq olub.

Həmsərhəd olduğu kəndlər: 

Şərqdən Qızılağac, cənubdan I Yeddioymaq, qərbdən Hüseynhacılı, şimal qərbdən Xallıcalı, Qədirli kəndləri ilə həmsərhəddir.


Kəndin adının mənası:
 
Kalinovka bolşevik inqilabçı M.Kalininin şərəfinə qoyulan addır. İndiki Viləşkənd isə kəndin içərisindən keçən Viləş çayının adı ilə bağlıdır.

Kəndin qısa tarixçəsi: 


 
Kalinovka kəndi Azərbaycan ərazisində ən qədim molokan (molokan rus sözüdür, “moloko” – “süd”, “kanye” – “danışmaq” sözlərindən yaranıb və “süd kimi pak danışanlar” deməkdir) kəndlərindəndir.   

1820-1830-cu illərdən başlayaraq, molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər. 

Azərbaycanda 30-a yaxın molokan kəndi var ki, biri də ilk adı Mixaylovka (1831-1837) olan, sonra Nikolayevka (1840) adlanan və Sovet dövründə M.Kalininin şərəfinə Kalinovka (1946) adlanan indiki Viləş kəndidir. Rusların bu yerdə ilk məskunları 1828- ci ildə İranla Rusiya arasında bağlanmış Türkmənçay sülh müqaviləsindən sonra Zaqafqaziyada qalan əsgərlərdən ibarət olub.  

Vikipediyada qeyd olunur ki, həmin yerlərdən biri də sonralar Kalinovka kimi tanınacaq ərazi olub. Həmin ərazi Xəzər dənizi sahilində, kəndi yaxınlığında poçt yolu kənarında olması güman edilir və Şamaxıdan 1833-cü ildə köçüb gəlmiş otuz molokan sakinlər burada məskunlaşıblar. 1837-ci il çarın fərmanı bizim ərazimizdə rus kəndlərinin yaranmasına təkan verir. 1838-ci ildə Mixail Akinfeyeviç Popovun tərəfdarları Lənkəran qəzasının Qızılağac kəndi yaxınlığında poçt yolu ətrafında yerləşirlər. Yaşayış ərazisi hər tərəfli yararlı bir məkan idi. 1840-cı ildə Popovun həmfikirlərinin yeni dəstəsi Rusiyadan sürgün edilir və otuz iki molokanlılar bu ərazidə yerləşdirilir. Yeni salınmış ərazi Mixail Popovun şərəfinə Mixaylovka (1831-1837) adlandırılır. Sonralar bu ad dövlət tərəfindən dəyişdirilib Nikolayevka (1840-1946) qoyulur. Molokanlar bu adla barışırlar- qəbul edirlər. Hələ bu adlar qoyulmamış bu kəndi Molokan və Ləmsə (göyərti) kimi də adlandırıblar. M. Popovu rəhbər seçmiş kənd camaatı özlərinə məxsus qaydalarla yaşayırdılar – tam bərabər halda yaşamaq, tam bərabər halda işləmək, əmək alətlərindən tam bərabərhüquqlu şəkildə istifadə etmək prinsipi onların o vaxt Sovet hakimiyyətinin arzuladığı “Kommunizm” həyatını yaşadıqlarını göstərirdi. 1883-cü ildə böyük rus yazıçısı Lev Uspenskiy Nikolayevkada (Viləş) olmuş, Popovu tanıyan insanlarla görüşmüşdü. O yazır ki, Popovun ölümündən sonra bu kənddə vaxtilə yaradılmış “Kommunizm ideyaları”ndan heç bir əsər-əlamət qalmayıb.

1867-ci ildə o dövrün məşhur etnoqraf-alimi Maksimov Nikolayevka (indi Viləş) kəndində olmuşdur.

 Sürgün edilən molokanlar əsasən Rusiyanın mərkəzindən, Volqaboyundan gətirilmişlərdi. Onların hamısına Popov rəhbərlik edirdi. Molokanlar əsasən heyvandarlıq və əkinçiliklə məşğul olurdular. Molokan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir.

 Sovet hakimiyyətinin qələbəsindən sonra kəndin adı “Ümumittifaq starosta” M.Kalininin şərəfinə dəyişdirildi. Müstəqllik dövründə - 12 iyun 2018-ci il Azərbaycan Respublikasının bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanuna əsasən kəndin keçmiş adı Kalinovka dəyişdirilərək Viləş adı verilib. İndi 190 illik tarixə malik olan bu kənddə əksəriyyəti azərbaycanlılar olmaqla az miqdarda rus-molokan da yaşayır.

Kənddə idarəetmə:

Viləş (Mixilovka, Nikolayevka, Kalinovka) kəndi yarandığı ilk gündən Lənkəran qəzasının tərkibində olmuşdur. Qəzanın tərkibində 5 polis dairəsi – Lənkəran, Astara, Lerik, Nikolayevka-Kalinovka, Prişib (Göytəpə) dairələri fəaliyyət göstərib və tabeliyində olan kəndləri idarə edirdi. Sovet hakimiyyətinin ilk illərində də Lənkəran qəzası qalmaqla yerlərdə inqilab komitələri yaradıldı. 1930-cu illərdə isə qəzalar ayrı-ayrı rayonlara bölündü və Nikolayevka (sonradan Kalinovka və Viləş) Masallı rayonunun tərkibinə daxil edildi. Kəndlərdə Xalq Deputatları Sovetləri yaradıldı. 

1992-ci ildə XDS-lər ləğv edilərək əvəzində Rayon İcra Hakimiyyəti Başçılarının yerlərdə İnzibati Ərazi nümayəndəlikləri yaradıldı. 5 mart2013-cü ildə Öncəqala və Hüseynhacılı kəndləri Kalinovka kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Öncəqala kənd inzibati ərazi dairəsinə daxil edilmişdir.

Kənddə Kənd XDS İK sədləri və RİH Başçısının nümayəndələri:

Kənd XDS İK sədrləri:

1. Kuznetsov Vladimir

2. Kuzmin İvan

3. Eyvazov Sadıx

4. Yermolov Timofey

5. Pançenko Anna Teodorovna                            -              1950-1962-ci illərdə.

6. Puzanova Mariya Mixaylovna         -              1962-1970-ci illərdə.

7. Voronkova Lyudmila Pavlovna        -              1970—1978-ci illərdə.

8. Boqdanov Nikolay Vasilyeviç           -              1978-1990-cı illərdə.

RİH-in nümayəndələri:

9. Mirzəyev Məzahim Kərim oğlu          -              1990-2003-cü illərdə.

10. Ağayev Üzeyir Allahverdi oğlu         -              2003-2005-ci illərdə.

11. Məmmədov Nizami Əlisəfa oğlu      -              2005-2013-cü illərdə.

12. Ələmov Alim İbrahim oğlu                              -              2013-dən

1959-cu ildə Kalinovka (Viləş) kəndində doğulub. 1977-1982-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutunda oxumuşdur. 1982-2013-cü illərdə müəllim, 2013-cü ildən RİH Başçısının Viləş İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifələrində çalışmışdır.        

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır) 

Molokanlarda din və adət-ənənəlar:

Molokan təriqəti Rusiyada XVIII əsrdə yaranmışdır. Onlar ikonanı, məbədi və kilsə hökmranlığını qəbul etmirdilər. Molokanlar özlərinin dini təlimi kimi yalnız Bibliyanı tanıyırlar. Öz icma qanunları vardı, yalan danışmırdilar, donuz əti yemir, spirtli içkilər qəbul etmirdilər. Rus imperatorlarının molokanların sürgün edilməsi haqda verilən fərmanlara baxmayaraq, onlar öz adət-ənənələrini qoruyub saxlayırdılar. Heç bir hekayət, kilsə qərarı, kilsə xadimlərinin iyearxiyasını qəbul etmirlər.  Onların kilsəsi olmur və dini ibadətlərini ayrı-ayrı adamların evlərində keçirirlər. Molokan icmasına qocalar və seçilmiş xüsusi adamlar başçılıq edir. 

Molokanların məişəti:

Molokanlar kənd salarkən küçələri planlı şəkildə salmış və evləri sıra ilə bu küçələrin kənarı ilə tikmişdilər. Kənddə dəyirman, elektrik işığı, Viləş çayının üstündə körpü, kəndə işməli suyun çəkilməsi, məktəbin açılması, dəmirçi emalatxanası, mağaza, bağçılıq, üzümçülük kənd əhalisinin məişətinin yaxşılaşdırılmasına xidmət edirdi. Kənd yollarının təmiri üçüb öküz arabaları ilə qum daşınmasını təşkil edirdilər. Kənddə telefon məntəqəsi yaradılması ilə ətraf rayonlarla əlaqə yaradılırdı. Bu telefon məntəqəsi 1970-ci illərə qədər mövcud idi. Kənddə çörək sexi, məişət evi, uşaq bağçası kənd əhalisinə xidmət edirdi. İdman tədbirləri keçirilir, yeni il şənlikləri keçirilirdi.

Molokanların toy mərasimi:

Molokanların gəncləri evlənməmişdən öncə bir-biri ilə görüşlər keçirərdilər. Sonra oğlanın valideyni razılıq alıb elçiliyə gedər, yaxından tanış olandan sonra qızın barmağına üzük taxılardı. Toy günü kənd icmasının başçısı hər iki gəncə müraciət edər və onlar bir-birlərinə sədaqətli olacaqlarını bildirdiklərindən sonra onları ər və arvad elan edərdi. İcma başçısının təbrikindən sonra toy başlanar. Toyda musiqi olmayan vaxtlarda qadın və kişilər dövrə vurub “Çastuşka” oxuyar və oynayardılar. Kənddə ən məşhur çastuşka vuran Yulyana Alxutova xatirələrdə qalıb və 50-ci illərdə Respublikada folklor festifallarında yüksək yerlər tutub.

Bu kənddə hər hissə yerləşdiyindən buradakı Şəhərçik adlanan ərazidə hər bazar rəqs axşamları keçirilirdi. 

Molokanların dəfn adətləri:

İnsanlar vəfat etdikdən sonra yuyulur, təmiz (çox vaxt geyilməmiş) paltar geyindirilir və 1, ya 2 gün  saxlandıqdan sonra (məqsəd uzaq qohumların vidalaşmaya gəlib çatması olub) taxta tabuta qoyulur, kəndin ruhanisi dua oxuyur, adamlar təkrar edirlər. Sonra ruhani ölən adam haqqında danışır və camaat ona rəhmət diləyir. Sabahı günü meyiti ruhaninin oxuduğu duanı təkrar edə-edə qəbristanlığa aparırlar. Mərhum dəfn edildikdən sonra adamlar evə - yeməyə dəvət edilir. Yeməkdən sonra hamı dağılışır. Dəfnə rəhbərlik edən ruhaniyə heç bir haqq verilmir. Kəndin yaradıcısı olan M. Popov ölərkən vəsiyyət etmişdi ki, onu qəbristanlıqdan kənarda dəfn etsinlər və sonra qəbrin yerini şumlasınlar. 

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)  


Kəndin keçmiş abidələri və müasir inzibati tikililəri:

Kənddə ilk dəyirman və ilk elektrik işığı:

İlk dəyirman 1865-ci ildə sürgündən qayıdan M. Popovun təşəbbüsü ilə tikilir. 

1910-1911-ci illərdə kənd sakini Proxorov Qriqori Pavloviçin təşəbbüs və vəsaiti ilə tikilmiş su dəyirmanı, yanacaqla işləyən val dəyirmanı (1910-1911) olur. Sonralar bu dəyirmanlardan elektrik enerjisi almaq üçün istifadə edildi. Hər gün 4 saat kənd əhalisinə işıq verilirdi. Çörək sexi (1940-cı ilə qədər işləyib), telefon-rabitə qovşağı və kilsə (klub) tikilmşdi. 

İçməli su xətti:

Keçən əsrin əvvəllərində Ərkivanın Mehdi bulağından bu kəndə su xətti çəkilmişdir. Kiçik saxsı borularla gətirilən su kəməri Ərkivandan başlayaraq İsgəndərli, Qasımlı, I Yeddioymaq ərazilərindən keçərək Nikolayevka (indi Viləş) kəndinə çatdırılır. 

Cəmi 22 olmaqla bu quyular 1914-cü ildə istifadəyə verilmişdir.

(Məlumat (Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)

İnfrastruktur:

Sovet dövründə kənddə kino-klub, indi “Yaradıcılıq evi”:


 Yay kino-teatr klubu, 


Məişət evi:

 


İkimərtəbəli uşaq bağçası:

 Uşaq bağçası 1950-ci illərdə tikilmişdir.


Kitabxana:

 


Kənd EATS-i:

 

1923-cü ildə Nikolayevkada (indi Viləş) kəndindəki sərhəd qoşunlarının komanda heyəti Prişib (indi Göytəpə) qəsəbəsinə köçürülür, hərbi hissəyə məxsus olan telefon aparatları kənddə qalır və kənd əhalisinin istifadəsinə verilir. Elə bu tarixdən kənddə poçt fəaliyyəti də başlayır.  

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)


1992-1997-ci illərdə məscid tkilmişdir.


Mərasim evi:

 


Ərazi nümayəndəliyi: 1976-cı ildə tikilmişdir.

 


Poçtxana:

 


Şəhidlər xiyabanı:

 


Kənddə ilk məktəbin açılması:

 

Masallı rayonunda ilk təhsil ocağı (4 illik ibtidai  məktəb) 1860-1961- ci illərdə Nikolayevkada (Kalinovkada, indi Viləş) açılmışdır. 1863-cü ildə Nikolayevkada qızlar üçün sənət məktəbi açılır və 1920-ci ilə qədər fəaliyyət göstərir. Sovet dövründə əvvəl ibtidai məktəb olmuşdur.

  İbtidai məktəb. 


1963-cü ildə məktəb 23 sinifli orta məktəbə çevrilir. İlk direktor kimi Kalyaqin Aleksandr Andreyeviç yadda qalıb.

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)


1972-ci ildə yeni tipli ikimətəbəli məktəb binası tikilib.

 

Yeni məktəb. Yeni məktəbin direktoru Boqdanov Nikolay olmuşdur.


Məktəb direktorları:

Kalyagin Aleksandr Alekseyeviç 1950-ci illərdə.


Əzizov Cəfər Həsən oğlu

Kərimov Nüsrət

Abışov Zakir Zəkəriyyə oğlu  -              1966-1970-ci illərdə.

Boqdanov Nikolay Vasilyeviç                -              1970-1978-ci illərdə.

Hüseynov Eminağa                                -              1978-ci illərdə.

Nuriyev Yavər

Əsgərov İsrail Raci oğlu                         - 

Həsənov Oqtay Əliş oğlu

Mirzəyev Məhəmməd İsmayıl oğlu

Axundov Faiq Abdulla oğlu

Qəmbərov Hamil Heydər oğlu

Babayev Sübhan Soltan oğlu

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır) 


Kənddə ilk təhsilli:

Seyfullayeva Məlahət Murad qızı – sinif müəllimi

Kənddə ilk ali təhsilli:

Babayev Sultan Qurban oğlu – 1915-ci il təvəllüdlü. 

Kənddə ilk ali təhsilli qadın:

Kinseviç Nina Alekseyevna – M.F. Axundov adına Azərbaycan Dovlət Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu bitirib.              

Tahirova Nazilə Tofiq qızı –  1980-ci ildə Azərbaycan Xarici Dillər İnstutunun fransız-ingilis dili fakültəsini bitirib.

Kənddə ilk aqronom:

Əsgərov Səftər İsrafil oğlu – Kirovabad (indi Gəncə) Kənd Təsərrüfütı İnstitutunun aqronomluq fakültəsini bitirib.

Kənddə ilk ali təhsilli inşaatçı-mühəndis:

Həsənov Əlibala Əliş oğlu – Azərbaycan Politexnik İnstitutunu bitirib. 


Kənddə səhiyyə:

Sovet dövründə Nikolayevka (indi Viləş) kəndinin varlı kəndlisi olan Afanasyev adlı mülkədarın evini müsadirə edib xəstəxana edirlər. Hal-hazırdakı xəstəxana 1976-cı ildə inşa edilmişdir.

 

Kənd xəstəxanasında işləmiş baş həkimlər:

Cəfərov .......

Fətullayev Füzuli

Radayev Nikolay

Fətullayev Mikayıl

Osipov Vladimir Petroviç

Məmmədov Nadir

Maxmurova Zinaida Maxmurovna

Ağayev Fərəc Cankişi oğlu

Makrusova Klavdiya

Nəbiyev Mirdamət Mirələm oğlu

Yefrimov Matfey Stepanoviç

Fərəcov Səxavət İzzət oğlu

 Nuriyev Böyükağa

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)

II Dünya müharibəsində iştirak edənlər: 46 nəfər, onlardan, 26 nəfər həlak olub, 20 nəfər sağ qayıdıb. 


Kənd xeyriyyəçisi Rəna Rzayevanın dəstəyi ilə 1941-1945-ci il II Dünya müharibəsində həlak olanlara abidə inşa edilmişdir. 


 
Kəndin I və II Qarabağ şəhidlərinə abidə-kompozisiya:


I Qarabağ şəhidləri:
 Rzayev Fizuli Əlibala oğlu
 – 

 

1973-cü ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olmuşdur. O, 1993-cü il iyulun 27-də Ağdərənin bir sıra kəndləri uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuşdur. Subay idi.

 
Hacıyev Seyran Əliyoldaş oğlu – 


1971-ci ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olmuşdur. Ağdamın və Ağdərənin, Sırxavənt kəndinin, Fərrux yüksəkliyinin alınması zamanı xeyli erməni qulduru məhv etmişdir. 1993-cü ildə Ağdərənin Orta Güneytəpə kəndi uğrunda gedən qanlı döyüşlərdə şəhid olmuşdur. Subay idi.

 
Belim Yevgeniy Nikolayeviç - (1970-1993)-

Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olmuşdur. 1993-cü ilin fevralın 26-da o, Qarabağa göndərilmiş, Ağdərə bölgəsinin kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdi. Yevgeniy mart ayının 30-da Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Yevgeniy Nikolayeviç Kalinovka kəndinin mərkəzində 20 Yanvar şəhidlər xiyabanında dəfn olunmuşdur. Subay idi.
 

 
Mehbaliyev Nazim Nadir oğlu - (1958-1992)- Masallı rayonunun Kalinovka (Viləş) kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıdakı 51 saylı orta məktəbi qurtardıqdan sonra, Bakı Ali Dənizçilik Məktəbini bitirmiş, bir müddət gəmi təmiri zavodunda və tikinti idarələrində fəhlə işləmişdir. 1992- ci il iyul ayının 27-də Ağdam şəhəri ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ailəli idi, iki uşağı var.

 

İbrahimov İmran Qulamirzə oğlu - (1977-1997)- 

1977- ci il iyunun 4-də Masallı rayonunun Kalinovka kəndində doğulub. 1977-ci ilin noyabrın 30-da 706 saylı hərbi hissənin kəşfiyyatçıları döyüş tapşırığını yerinə yetirib qayıtdıqları zaman minaya düşüb şəhd olmuşlar. Subay idi.

 
Bəqəliyev Zahir Cəbrayıl oğlu - (1974-1994)- 

1974- cü il oktyabrın 24-də Masallı rayonunun Kalinovka kəndində anadan olmuşdur. 1994- cü il yanvarın 26-da Füzuli rayonu - Şişqaya kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.

 
Abışov İslam Ağamalı oğlu – 

20 noyabr 1975-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olub. Aprel ayında Borsunlu uğrunda gedən şiddətli döyüşlərdə Abışov İslam Ağamalı oğlu da iştirak edir. Bu döyüşlərdən sonra bu hissənin hərbçiləri Goranboyun Tap-Qaraqoyunlu kəndinə yerləşdirilir. Lakin Abışov İslam əsgərlərin sırasında yox idi. Əksər əsgər dostlarının dediklərinə görə, İslam qəhrəmancasına həlak olmuşdu. Meyidi düşmənlərin əlində qalmışdı. Subay idi.

Aprel 2016-cı il şəhidi:

Əsgərli Nurlan Bayram oğlu – 1995-ci il dekabrın 3-də Viləş kəndində doğulub.  2016-cı il 4 apreldə Ağdərə rayonu Talış kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.
 

II Qarabağ müharibəsi şəhidləri:

İttifaq Rzayevin əl işi.

Əsgərli İntiqam Bayram oğlu 

16 avqust 1990-cı ildə Masallı rayonunun Viləş kəndində anadan olub. 2011-ci ildə gizirlik kursunu bitirib. 2015-ci ildə Türkiyədə kəşfiyyat kursunu bitirib. Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi 4 aprel 2016-cı il döyüşlərində iştirak edib. 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.  

Vəliyev Balaqardaş Fərhad oğlu

24 mart 2002-ci ildə Masallı rayonunun Viləş kəndində doğulub. 27 sentyabrda başlanan Vətən müharibəsində iştirak edib. 01 oktyabr 2020-ci ildə Hadrut istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Şəhidin nəşi 75 gün sonra – 15 dekabr 2020-ci ildə Viləş kəndində dəfn edilib. “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medalları ilə təltif olunub.  

Kənddə inzibati idarəetmə:


1929-30-cu illərdə bütün ölkədə olduğu kimi Kalinovka (indi Viləş) kəndində də kolxoz yaradıldı. Adı “1 May” olan kolxoza 1950-ci ildə ətraf kəndləri – Öncəqala və Hüseynhacılı kəndlərini də birləşdirdilər. 1961-ci ildə kolxozlar covxoz təsərrüfatına çevrildi. O vaxt da bu sovxoza Kalinovka (indi Viləş), Öncəqala, Hüseynhacılı kəndləri daxil edildi.

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır)

Kənddə ilk bələdiyyə sədri:

Babayev Qurbanəli Soltan oğlu
 1953-cü ildə anadan olub, Azərbaycan Pedaqoji İnstitunun dil-ədəbiyyatı fakültəsini bitirib. Məktəb direktoru, 1999-2004-cü ildə Kalinovka kəndində ilk bələdiyyə sədri işləyib.


 Müxtəlif vəzifələrdə işləyən kənd sakinləri:

Kənddə:

Şeqlov Pavel                                                          -              kolxoz sədri

Kuzmin İvan Vasilyeviç                         -              kolxoz sədri

Kuznetsov Vladimir Timofeyeviş          -              kolxoz sədri

Konetsov Aleksey                                  -               kolxoz sədri

Kostrikin Fyodor Filipoviç    -              kolxoz sədri

Brızqalin Sergey Nikolayeviç                -              kolxoz sədri, sovxoz direktoru

Sadıqov Yunus Baba oğlu      -              sovxoz direktoru

Merkulov Matvey Mikoloviç                 -              sovxoz direktoru

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır).

Qədiyev Əlisa Nəcəfəli oğlu – “1May” sovxoz partiya təşkilat katibi olub. (Ətraflı “Yazarlar” bölümündə)  

Əsgərov Sahib Abas oğlu –   sovxoz direktoru işləyib.

 

 1937-ci ildə anadan olub. Masallı rayonu Kalinovka kəndində, 1 May adına sovxozda   baş mühasib, direktor və Lənkəran konservi zavodunda baş mühasıb vəzifələrində işləyib.

Mirzəyev Məzahim Kərim oğlu  - kəndin ərazi nümayəndəsi olub.


1935-ci ildə anadan olub,    1 May adına sovxozda baş aqranom, sovxoz direktoru, Kalinovka kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifələrində işləyib.

İbadov Qurbanəli Məmməd oğlu – sovxoz direktoru


 1946-cı ildə anadan olub. Kirovabad (Gəncə) Kənd Təsərrüfatı İnstitutunu bitirib. Zootexnik, sovxoz direktoru vəzifələrində işləyib.

Rzayev İttifaq Əliağa oğlu 


1948-ci ildə doğulub. 1967-1968-ci illərdə Kirovabad (indi Gəncə) Sovxoz Təsərrüfatı Texnikumunda mühasiblik oxumuşdur. 1972-ci uildə S.N.Brızqalinin təşəbbüsü ilə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna göndərilmişdir. 1976-cı ildən Kalinovka (indi Viləş) kənd orta məktəbində müəllim, direktor müavini vəzifələrində çalışıb. Şəxsi təşəbbüsü və zəhməti ilə məktəbdə “Unutsaq, unudularıq”, “Bizim məzunlar”, “I və II Qarabağ şəhidləri”, “Məktəb direktorları”, “Qarabağ Azərbaycandır”, “Atalar və oğullar” və bir çox foto-ekspozisiyalar yaratmışdır.   Əmək veteranıdır.

 

“Unutsaq, unudularıq” -  İttifaq Rzayevin əl işi.

Axundov İmran Kazım oğlu  -              bələdiyyə sədri

Ağayev Rafiq Museyib oğlu  -              Bələdiyyə sədri      

 

Rayonda:

 

Babayev Soltan Qurban oğlu – rabitə işçisi.

1915-ci ildə I Yeddioymaq kəndində doğulub. 1930-cu ildə Kalinovkaya köçüb. 1933-1938-ci illərdə Tbilisi Ali Rabitə İnstitutunda təhsil alıb. Cənub bölgəsi üzrə rabitə işinə nəzarətçi vəzufəsinə təyin edilib. 1970-1980-ci illərdə Masallı Rayon Rabitə Şöbəsində müdir müavini kimi çalışıb. 1980-1985-ci illərdə Kalinovka (Viləş) kənd ATS-nə rəis təyin olunub.

Allahverdiyev Zakir Əlibala oğlu  - 

Masallı rayonunda iqtisadçı və tərəvəz tədarüki bazasının müdiri vəzifəsində işləmişdir.

 

Ölkədə:


İsmayılov Rəsul Cəlil (Tomar) oğlu – 1934-cü ilin “otuzminçiləri”ndəndir.

1908-cı ildə Cənubi Azərbaycanın Sərab şəhərində doğulubAtası Cəlil (Tumar) iranda başlayan Milli Azadlıq mübarizəsi zamanı qətlinə fərman verildiyi üçün Şimali Azərbaycana gəlir və Astaradan keçərək Masallının Nikolayevka kəndində məskunlaşır. İzi itirmək üçün ad və soyadını da dəyişir. Rəsul Bakıya gəlir və əvvəl realnı məktəbdə, sonra Dəmiryolu Texnikumunda oxuyur. 1927-ci ildə Sov. İKP üzvlüyünə qəbul edilir. Azərbaycan KP IX qurultayına nümayəndə seçilir. 1934-cü ildə Sov. İKP Mərkəzi Komitənin qərarı ilə 30 min kommunist kəndlərdə təsərrüfata kömək üçün kəndə göndərilir. Rəsul İsmayılov Kalinovka kəndinə göndərilir və Kalinovka Kənd Kooperativlər Cəmiyyətinin sədri, sonra Masallı Rayon Kooperativlər İttifaqının sədr müavini və sədri olur. 1951-ci ildə vəzifəsindən istefa verib “1 May” kolxozunda sədr müavini işləyir. 1992-ci ildə Bakıda vəfat edir.


İsmayılov Məhərrəm Cəlil (Tomar) oğlu – 1925-ci ildə Kalinovka (Viləş) kəndində doğulub. Bakı Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyub. SSRİ və Azərbaycan SSR Rəssamlar İttifaqının üzvü olub. 2011-ci ildə vəfat edib.


Brızqalin Sergey Nikolayeviç – Sosialist Əməyi Qəhrəmanı


1917-ci ildə Rusiyanın Voronej quberniyasında doğulub. Voronej Dövlət Universitetini bitirib. 1941-1942-ci illərdə II Dünya Müharibəsində iştirak edib. Ordudan tərxis olunub Voronej Tikinti İdarəsi rəisinin müavini, 1955-ci ildə Bakıda “Qərbnefttikinti” Baş İdarəsində rəis kimi fəaliyyət göstərib. 1955-ci ildə Masallı rayonunda “1 May” kolxozunun sədri, 1964-1970-ci illərdə “1 May” sovxozunda direktor işləmişdir. 1970-ci ildən Azərbaycan SSR nazirlər Sovetində “Azərmeyvətərəvəzkonserv” Baş İdarənin rəisi təyin olunub. 

SSRİ Ali Soveti Rəyasət Heyətinin 30 aprel 1966-cı il fərmanı ilə Sosialist Əməyi Qəhrəmanının “Lenin ordeni” və “Qızıl ulduz” medalı ilə təltif olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin 6-7-8-ci çağırışlarında deputat seçilmişdir. 8-ci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir. 

1977-ci ildə vəfat edib, Moskva şəhərindəki Vaqankov qəbristanlığında  dəfn olunub.   

                Kalinovka (Viləş) kəndi S.N.Brızqalinin vaxtında ən yüksək inkişaf dövrünü yaşamışdır. Viləş çayı üzərində dəmir-beton konstuksiyalı körpü, bir neçə ailəyə yaşayış evi, 1972-ci ildə yeni məktəb binası, qonaq evi, 1958-ci ildə kəndə içməli su xətti, kənd yay klubu (1958), kolxoz-sovxoz idarə heyətinin binası, aptek binası, telefon-danışıq məntəqəsi, heyvandarlıq üçün bir neçə yeni tipli tövlə, sağıcılar evi və sair Brızqalinin təşəbbüsü ilə başa gəlmişdir. Uğurlu kadr siyasəti olmuşdur, gənclərin kolxoz-sovxoz hesabına təhsil almaq üçün ölkənin ali və orta ixtisas məktəblərinə getmələrini təşkil edir və təqaüdlə təmin edirdi.   


Həsənov Əlibala Əliş oğlu – “SOKAR”da şöbə müdiri.


10 aprel 1943-cü ildə Kalinovkada doğulub. 1959-1962-ci illərdə Sumqayıt Texnologiya Texnikumunda təhsil alıb. 1962-1964-cü illərdə Sumqayıt Kimya Zavodunda növbə rəisi təyin olunub. 1964-1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub. 1971-1973-cü illərdə tikinti sahəsində iş icraçısı, sahə rəisi kimi çalışıb. 1982-1987-ci illədə Sumqayıt Şəhər İcraiyyə Komitəsi nəzdindəki Tikinti-Təmir İdarəsinə rəis, ardınca Sumqayıt Boru-Prokat zavodunda təmir-tikinti sahəsinə rəis təyin edilir. 1991-1993-cü illərdə “SOKAR”da şöbə müdiri, rəis vəzifələrində çalışmışdır. Hazırda təqaüddədir.


Ələmov Vaqif İbrahim oğlu – Respublika Prokurorluğu Ağır Cinayətlər və İstintaq İdarəsində mütəxəssis olub. 

1952-ci ildə anadan olub, 1968-1972-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitunda oxuyub. Kənd Təsərrüfatı və Şərabçılıq Nazirliyində böyük müfəttiş, Bakı Qənnadı Kombinatında Baş mühasib, 1 saylı Bakı Şərab Zavodunda Baş mühasib, Respublika Prokurorluğu Ağır Cinayətlər və İstintaq İdarəsində mütəxəssis və sair vəzifələrdə işləyb.  

İbadov Qeybalı Məmməd oğlu
 1951-ci ildə anadan olub, Mərdəkan Polis Akademiyasını bitirib. Azərbaycan Respublikası Daxili İşləq Nazirliyinin əməkdaşıdır.

Babayev Qurbanəli Soltan oğlu


 1953-cü ildə anadan olub, Azərbaycan Pedaqoji İnstitunun dil-ədəbiyyatı fakültəsini bitirib. Məktəb direktoru, Kalinovka kəndində ilk bələdiyyə sədri işləyib.

 

Xəlilov Natiq Abdul oğlu – 


1963-cü ildə doğulub. 1981-1984-cü illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları Məktəbində oxuyub. 1985-2008-ci illərdə Azərbaycan Dövlət Xəzər Dənizi Gəmiçilik İdarəsində xarici sularda üzən gəmilərdə işləmişdir. 1996-2002-ci illərdə Azərbaycan Dövlət Dənizçilik Akademiyasında təhsilini artırmışdır. 1998-ci ildən Baş mühəndis vəzifəsindədir. Hal-hazırda Türk Gəmiçiliyi Şirkətinin Avropa istiqamətində üzən gəmilərində Baş mühəndis vəzifəsində çalışır.

Ələmov Dadaş İbrahim oğlu – “Bakıelektrikşəbəkə” ASC-də mühəndis olub.


02.07. 1954-cü ildə Kalinovkada doğulub. 1983-cü ildə Odessa Dəniz Donanma Mühəndisləri İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. “Bakıelektrikşəbəkə” ASC-də mühəndis vəzifəsində çalışıb.   Bakı Şəhəri Səbayel Rayon Həmkarlar Təşkilatında kurator, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyasında kurator vəzifələrində çalışıb.

Hüseynov Mərhəmət Rövşən oğlu – 

 

Azərbaycan Respublikası Rabitə və Texnologiyalar Nazirliyində Baş mütəxəssis işləyir.


Əzizov Ədalət Cəfər oğlu – Bakı Şəhər İcraiyyə Komitəsində sədr müavini olub.

 


 09 may 1947-ci ildə Viləş (Kalinovka) kəndində anadan olub. Orta məktəbi Kalinovka (indi Viləş) kənd orta məktəbində bitirib. Rusiyanın Volqoqrad şəhərində Politexnik İnstitutnda oxuyub. Ali təhsil aldıqdan sonra Bakıda, Kommunal Təsərrüfatı Nazirliyində, mühəndis, şöbə müdiri, o vaxtkı Azərbaycan KP MK-da təlimatçı, ardınca Bakı Şəhər İcra hakimiyyətində müxtəlif vaxtlarda 1-ci müavin işləmiş, uzun müddət sədr vəzifəsini icra edib, daha sonralar Nazirlər Kabinetində şöbə müdiri vəzifəsində çalışıb. Bakıda keçmiş SSRİ-nin törətdiyi qanlı Yanvar hadisələri zamanı şəhid olanların keyfiyyətli məzar daşlarını Ukrayna Respublikasından icazəsiz gətirdiyinə görə cəzalandırılaraq vəzifəsindən azad olunur. Hakimiyyət dəyişikliyindən sonra yenidən öz vəzifəsinə bərpa olunur. Ə.Əzizov öz dövrünün ən saf və pak adamlarından olub. Xalq malını göz bəbəyi kimi qorumuş, vəzifə borcunu təmənnasız olaraq yerinə yetirmişdir. O, 2018-ci il yanvar ayının 28-də, 72-ci yaşında vəfat edib. Ədalət Əzizov Masallının   ilk ali təhsillilərindən biri və əslən I Yeddioymaq kəndindən olan Cəfər Əzizovun oğlu idi.

 

Əzizova Nazlı Cəfər qızı – Saatlı Rayon RK-də II katib olub.

1955-ci ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olub. Azərbaycan Rus dili və ədəbiyyatı İnstitutunu bitirib. Saatlı Rayon Partiya Komitəsində II katib işləyib. Hal-hazırda övladları ilə birlikdə ABŞ-da yaşayır. N.Əzizova I Yeddioymaq kəndində olan və rayonun ilk ali təhsillilərindən bir C. Əzizovun qızıdır.


Zeynalov Vüqar Famil oğlu –

 

 Azərbaycan Respublikası Mərkəzi Bankında Maliyyə Şöbəsinin müdiri işləyir.

Hacıyev Amil Əliyoldaş oğlu

10 mart 1965-ci ildə Kalinovka (Viləş) kəndində anadan olub. 1982-ci ildə Q.Məmmədov adına Bakı Dənizçilik məktəbini, 1989-cu ildə Odessa Ali Dənizçilik Məktəvini bitirib. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-də “N.Nərimanov” neft tankerində IV dərəcə mexanik kimi, sonralar “Xocavənd”, “Babək” “C. Məmmədquluzadə” gəmilərində okean sularında üzüb. 10 iyun 2021-ci ildə “Cəlil Məmmədquluzadə” gəmisində xidmət vaxtı vəfat edib. 

             Salmanov Camaləddin Bəhlul oğlu

                          

    23 avqust 1962-ci ildə Masallı rayonunun Kalinovka kəndində anadan olmuş,1979-cu ildə orta məktəbi,1983-cü ildə isə indiki Azərbaycan Dövlət Dənizçilik Akademiyasının Kapitanlıq fakultəsini bitirmişdir.

      1984-1992-ci illərdə Azərbaycan Balıq Sənayesi gəmilərində kapitan köməkçisi və kapitan, 1995-2011-ci illərdə isə Türkiyə Yük gəmilərində kapitan vəzifəsində çalışmışdır.

       1993-1994-cü illərdə Qarabag döyüşlərində iştirak etmişdir.

         2012-ci ildən Fövqəladə Hallar Nazirliyinin gəmilərində kapitan vəzifəsində calışır.

        Ailəlidir, iki övladı bir nəvəsi var.

 

Baxşəliyev Vüqar Pənah oğlu

10 oktyabr 1990-cı ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində anadan olmuşdur. 2007-ci ildə   Viləş kənd orta məktəbini, 2011-ci ildə ETM Təfəkkür Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirmişdir.

      2015-ci ildən DİO-da xidmət edir. 2021-ci ildə DİN-nin Polis Akademiyasını bitirmişdir. Polis leytenantıdır.

Ailəlidir, iki övladı var.


Xarici ölkələrdə çalışan kənd sakinləri:

Həsənova Fəfa Allahverdi qızı – İsveçrədə MDB ölkələri üzrə Telekommunikasiya Şirkətinin direktoru.

 

1976-cı ildə Masallı rayonu Kalinovka (indi Viləş) kəndində anadan olmuşdur.  Azərbaycan Xarici Dillər Universitetinin ingilis-alman dili fakültəsini bitirmişdir. Daha sonra Kanada kollecində biznes sahəsi üzrə təhsilimi davam etdirmişdir. 1996-ci ildən bu günə kimi  telekommunikasiya sferasında fəaliyyətini davam etdirir. Hazırda İsveçrənin qabaqcıl şirkətlərində MDB ölkələri üzrə Regional Direktor vəzifəsində çalışır. 

Şəmsəliyev Musa Rəhman oğlu – Xarici “Marsap” Şirkətində Baş mühəndis.

1983-1987-ci illərdə Bakı Dənizçilik Akademiyasının mexanika fakültəsində oxuyub. 1987-ci ildən dünya okeanlarında üzən gəmilərdə 4-3-2-ci dərəcəli mexanik, baş mexanik vəzifələrində işləyib. Hal-hazırda Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Abu Dabi şəhərində “Marsap” şirkətində Baş mühəndis vəzifəsindədir.

Hacıyev Hakim Əliyoldaş oğlu - VİP hava gəmiləri texniki xidmətinin  sahə rəisi.

29.05.1967-ci ildə Kalinovka (Viləş) kəndində doğulub. 1988-1991-ci illərdə Rusiya Federasiyasının Tambov vilayətinin Kirsanov şəhərində Aviasiya kollecində oxuyub. 2001-ci ildə ABŞ-ın Seatle şəhərində “Boeinq” tiply təyyarə kurslarını, 2004-cü ildə ABŞ-ın Mayami şəhəriində “Aerobus” tipli təyyarə kurslarını, 2007-ci ildə ABŞ-ın Savannah şəhərində “Gulfstream” tipli təyyarə kurslarını, 2008-ci ildə Francanın Paris şəhərində təyyarə mühərriki kurslarını keçib. 1991-2019-cu illərdə  Azərbaycan hava yolları şirkətində təyyarə və mühərrik mühəndisliyini aparıb. 2019-cu ildən “Silkvey texniks.VİP” hava gəmiləri texniki xidmətinin sahə rəisidir.


Bədəlov Azad Bayram oğlu – RF-in Sankt-Peterburq şəhrində “Viləş” zavodu direktorunun müavini.

23 iyun 1969-cu ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində anadan olmuşdur. Orta təhsilini 1976-1986-cı illərdə Kalinovka (Viləş) məktəbində, 1987-1992-ci illərdə Samara İqtisad Universitetini “Buxalteriya və uçot“ ixtisası üzrə və Texniki Universiteti mühəndis ixtisası üzrə bitirmişdir. 1993-1996-cı ilərdə Masallı rayonunun “1 May" sovxozunda  iqtisadçı vəzifəsində çalışmışdır. 1996-cı ildə Rusiyaya qayıtmış və orada 2003-cü ilə qədər  Fərdi Sahibkarlıq sahəsində məşğul olmuşdur. Sankt-Peterburq Dövət Universitetinin “ Psixologiya” fakültəsinə qəbul olunmuş və  universiteti 2006-cı ildə bitirmişdir. 2003-2009-cu illərdə Sank-Peterburq şəhərində “Viləş” zavodu direktorunun müavini vəzifəsində çalışmışdır. 

2009-cu il fevral ayının 22-də vəfat edib.

Zabitlər:
 

Qədiyev Vaqif Əlisa oğlu       - polkovnik-leytenant

1962-ci ildə anadan olub, Səmərqənd Hərbi Akademiyasını bitirib. 1992-ci ildə könüllü olaraq Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Milli Akademiyasında baş müəllim vəzifəsində xidmət edir. Qarabağ veteranıdır. Hərbi texnikaya aid yazdığı kitablar təhsil müəssisələrində dərslik kimi istifadə edilir. Şeir və hekayələri ilə mətbuatda çıxış edir. Bədii-publisistik kitabları var. 

Natiq Məmişov Gülağa oğlu  -              polkovnik-leytenant

Ukraynanın Sumı şəhərində Ali Hərbi Məktəbi bitirib. Silahlı Qüvvələrin Artilleriya hissəsində xidmət edib. Hal-hazırda təqaüddədir. 

Əliyev Camal Əlisgəndər oğlu – polkovnik-leytenanat

1976-cı ildə Kalinovka (Viləş) kəndində doğulub. 1984-1988-ci illərdə H.Aslanov adına Ali Hərbi Birləşmiş Komandirlər Məktəbində təhsil alıb. II Qarabağ müharibəsi veteranıdır. “Qüsursuz xidmətə görə”, “Azərbaycan Silahlı Qüvvələrinin veteranı”, “Kəlbəcərin azad olunmasına görə” və digər medallarla təltif olunub. Polkovnik-leytenantdır.


Ələmov İsax Həzi oğlu – Fövqəladə Hallar Nazirliyi mayoru

03.11. 1958-ci ildə Kalinovka kəndində doğulub. 1980-1983-cü illərdə Ukraynanın Xarkov şəhərində Yanğından Mühafizə Məktəbində oxuyub. 1983-1993-cü illərdə Sumqayıt Yanğından Mühafizə Hissəsində inspektor, 1993-2008-ci illərdə 34 saylı Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində rəis vəzifələrində çalışmışdır. 2008-ci ildə Fövqəladə hallar nazirliyi mayoru rütbəsilə təqaüdə çıxıb. 

Əsədullayev Nazim Orucəli oğlu         -   Silahlı Qüvvələr mayoru

7 noyabr 1968-ci ildə Masallı rayonunun Viləş (Kalinovka) kəndində anadan olmuşdur. 1986-ci ildə Naxçıvanski adına hərbi məktəbi bitirmiş və həmin ildə Çelyabinsk Ali Hərbi aviasiya məktəbinə daxil olmuşdur. Daha sonra 1-ci Qarabağ müharibəsi başlayan zaman vətənə qayıtmış, müharibədə iştirak etmiş, Qarabağ qazisi olmuşdur. 2006-cı ildə hərbidə xidmətdən mayor rütbəsində ehtiyata buraxılmışdır. “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)” yubiley medalı ilə təltif olunub. Həmin ildən “Silk Way” avia sirkətində təlimatçı naviqator vəzifəsində çalışmışdır. 2016-cı il mayın 18-də Əfqanıstanda “AN-12” təyyarəsinin qəzası nəticəsində təyyarə heyəti ilə birlikdə həlak olmuşdur.



Nağıyev Vüqar Əli oğlu         -              polkovnik-leytenant

 

16.08.1973-cü ildə Masallı rayonununn Kalinovka (Viləş) kəndində anadan olub. 1987-1990-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə,1990-1992-ci illərdə Kirov vilayətinin hərbi aviasiya məktəbində  oxumuşdur.

1992-ci ildə təhsilini Bakı Ali Ümümqoşun Hərbi məktəbində davam etmişdir. 

1997-ci ildə Bakı Ali  Ümümqoşun məktəbini bitirib leytenant rütbəsi alaraq Murov dağda yerləşən hərbi hissədə tağım komandiri, bölük komandiri vəzifələrində Ömər, Koroğlu, Güzgü yüksəkliklərində döyüşmüşdür.

 2002-ci ildən bir çox hərbi hissələrdə müxtəlif vəzifələrdə çalışıb. 

2014-cü ildə Hərbi hissə komandiri vəzifəsinə təyin edilmiş və 2017-ci ildə xəstəliyi ilə əlaqədar polkovnik-leytenant rütbəsində ordudan tərxis olunub. 

“Qüsursuz xidmətə görə!” 1-ci, 2-ci, 3-cü dərəcəli medalları, “Silahlı qüvvələrin 10-illik, 90-illik və 95-illik yubileyi” medalları, “Silahlı qüvvələrin veteranı” medalı ilə təltif olunmuşdur. 

1Qarabağ müharibəsi veteranıdır.


Həsənov Nasif Kərim oğlu     - gəmi kapitanı

 

1967-ci ildə doğulub. 1984-1987-ci illərdə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda, sonra RF-in Astarxan Dövlət Texniki Universitetində oxuyub.1989-cu ildən kapitan vəzifəsində çalışıb. Hal-hazırda “Azərbaycan!” gəmisinin kapitanıdır.

Siyabov Yadigar Hüseynağa oğlu        - HDQ-də 3-cü dərəcəli kapitan (mayor) rütbəsində olub.

  

10.01.1964-cü ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində doğulub. 1981-1984-cü illərdə Sovet İttifaqı Qəhrəmanı Qafur Məmmədov adına Bakı Dənizçilik Məktəbini Gəmi Güc Qurğuları mexaniki ixtisası üzrə bitirmişdir. 1985-1992-ci illlərdə Xəzər Dəniz Yolları İdarəsinin gəmilərində gəmi  3-cü, 2-ci mexaniki və orta və kiçik gəmilərdə baş mexanik kimi çalışmışdır. 1992-2001-ci illərdə Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrində 1-ci dərəcəli ehtiyatda olan zabit kimi müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. Tral Döyüş Gəmilərində elektromexanik, döyüş hissə komandiri, divizion mühəndis-mexaniki və Qərərgahın Texniki Şöbəsində gəmiqayırma və gəmi təmiri zabiti, HDQ Texniki Şöbənin baş zabiti - rəis müavini vəzifələrində xidmət etmişdir. 1994-cü ildə Hərbi Dəniz Qüvvələrinin (HDQ) tabeliyində olan Xüsusi Dəniz Piyada Batalyonunda taqım komandiri kimi (baş leytenant) 1-ci Qarabağ Müharibəsində Ağdam və Tərtər uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1996-1997-ci illərdə Türkiyədə Mühəndis Mexanik Makina Okulunun qısaldılmış kurslarını bitirmişdir. HDQ-dən tərxis olunarkən 3-cü dərəcəli kapitan (mayor) rütbəsində olub.

2002-ci  ildən Birləşmiş Ərəb Əmirliklərində “Zakher Marine” şirkətinin Jackup barjalarında baş mühəndis kimi çalışır.

Hüseynov Vüsal Əlipaşa oğlu – mayor.

RF-in Daxili İşlər Nazirliyində çalışır.

Tahirov Novruz Yavər oğlu – aviasiya polkovnik-letenantı 


21 mart 1983-cü ildə Masallı rayonu Viləş (Kalinovka) kəndində anadan olub. 1989-2000-ci illərdə Viləş (Kalinovka) şəhid S. Hacıyev adına orta məktəbində oxumuşdur. 2000-2004-cü illərdə H. Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində oxumuşdur. “N” saylı hərbi hissədə təyyarəçi, Baş təyyarəçi, eskadiriliya komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində çalışmışdır. 

Azərbaycan və Türkiyədə keçirilən “Tur.Az” Qartalı, “Turac Şahini” kimi bir çox Beynəlxalq Hərbi tədbirlərdə iştirak etmişdir.

Aprel döyüşlərində və Vətən Müharibəsində yaxından iştirak etmişdir. 2018-2020-ci illərdə Türkiyə Cümhuriyyətində Akademiyanı bitirmişdir. 

Azərbaycan Ordusunun 90-95-100 illik ildönümləri medalları, “Qüsursuz xidmətə görə” 3-2-1-ci dərəcəli medalları ilə təltif olunmuşdur. Müvafiq sərəncamla “Füzulinin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Hal-hazırda Hərbi Hava Qüvvələrinin nəzdində olan “N” saylı hərbi hissədə xidmət edir. 



Bağırov Eldar Mütəllim oğlu                                -     kapitan

1990-1995-ci illərdə Azərbaycan Politexnik İnstitutunda oxuyub. 1999-cu ildə Baş DYP-də birinci taqımda inspektor vəzifəsində çalışıb. 2004-2009-cu illərdə Bakı Polis Akademiyasında oxuyub. DİN-nin Baş DYP idarəsi İmişli Regional Qeydiyyat-İmtahan və Texniki baxış Şöbəsində inspektor vəzifəsində çalışır.  

Yüksək dövlət mükafatları alanlar:

Mirzəyeva Fatma Sərxan qızı – tərəvəzçi, “Lenin“ ordenli.

Brızqalin Sergey Nikolayeviç – Lenin” ordeni, “Qızıl ulduz” medalı.

Rzayeva Xavər Əli qızı – sağıcı, ferma müdiri, “Şərəf nişanı” ordenli.

İbişova Gülsura Qulam qızı – quşçu, “Şərəf nişanı” ordenli.

Abdullayev Məhərrəm Feyzulla oğlu – “Şərəf nişanı” ordenli.

(Məlumat Əlisa Qədiyevin “Kalinovka” kitabındandır) 


Kəndin alimləri:
 

Salmanov İslam Bəhlul oğlu­–filologiya üzrə fəlsəfə doktoru 

1950-ci ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində anadan olmuş və kənd orta məktəbini bitirmişdir. 1974-cü ildə indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurmuş, Masallı rayonunun Şıxlar kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 

          İlyas Əfəndiyevin yaradıcılığından dissertasiya müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Görkəmli sənətkarın yaradıcılığında   psixoloji dram janrının linqvo-poetik aspektlərini tədqiq edən ilk alimlərdəndir. Mövzu ilə ilgili dəyərli tədqiqat əsərlərinin müəllifidir. 

        Respubilka Aşıqlar  Birliyində sədr  müavini vəzifəsində çalışmış, Azərbaycan  Dövlət Televizya  və  Radio verilişləri Komitəsində fəaliyyət göstərmişdir. “Şəhriyar” və “İbrət”  verilişlərinin yaradıcı-müəllifi və aparıcısı olmuş, tele-jurnalist kimi bütöv Azərbaycan məfkurəsinin, milli-mənəvi dəyərlərimizin–ədəbiyyatımızın və mədəniyyətimizin  təbliğində yaxından iştirak etmişdir.

           Üç övladı, iki nəvəsi var. 2006-cı ildə vəfat etmişdir.

 

 

 

 

 

 

 

 

Salmanov Aslan  Bəhlul oğlu–filologiya üzrə fəlsəfə doktoru, dosent  


1954-cü ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində anadan olmuş və kənd orta məktəbini bitirmişdir. 1976-cı ildə indiki  N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurmuş, Yardımlı rayonunun Şəfəq kəndində dil-ədəbiyyat müəllimi işləmişdir. 

             Görkəmli şair Səməd Vurğunun şeirlərinin tekstoloji tədqiqi mövzusunda dissertasiya müdafiə edib, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Vurğunşünaslığın tekstoloji istiqamətinin əsasını qoyan alimlərdəndir. Ustad şairin əsərlərinin son 30 ildəki elmi nəşrləri onun adı ilə bağlıdır.  

             Bir müddət S.Vurğunun ev-muzeyində, daha sonra Respublika Mədəniyyət Nazirliyinin muzeylər sistemində çalışmış, 1990-cı ildən isə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisidir. Paralel olaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, Slavyan və Qərb universitetlərində Azərbaycan ədəbiyyatı və ritorika fənnlərini tədris etmişdir. Hal-hazırda AMEA-nın adı çəkilən İnstitutunda çalışmaqla yanaşı, dosent kimi İnstitutun doktorantlarına tekstologiya fənnindən dərs deyir. Vurğunşünaslığa, eləcə də memuar ədəbiyyatına aid 8 kitabın müəllifi və tərtibçisidir. Respublikanın və xarici ölkələrin elmi jurnallarında 60-dan artıq məqaləsi dərc edilmişdir.

             İki övladı, üç nəvəsi var.
 

Kəndin yazarları:

Qədiyev Əlisa Nəcəfəli oğlu


1930-cu ildə masallı rayonunun Eminli kəndində doğulub. 1952-ci ildə Lənkəran Pedaqoji Məktəbini bitirib. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 1970-ci illərdə Kalinovka kənd “1 May” sovxozunda ilk partiya təşkilatı katibi və kənd məktəbində müəllim vəzifələrində çalışmışdır. Rayonun “Çağırış” qəzetində müxbir kimi çalışıb və 2 kitab müəllifidir.

Aliq Nağıoğlu (Məmmədov Aliq Nağı oğlu) -  yazıçı, tərcüməçi, publisist.

 

Aliq Nağıoğlu 12 sentyabr 1957-ci ildə Masallı rayonunun I Yeddioymaq kəndində anadan olmuşdur. 1980-ci ildə Krasnodar Politexnik İnstitutunu, 2 illik jurnalist sənətkarlığı və M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun 2 illik qiyabi kursunu bitirmişdir. Uzun illər Azərbaycanın sənaye müəssisələrində müxtəlif vəzifələrdə çalışmışdır. 1981-ci ildən çap olunur. 20 nəsr və publisistik, iki tərcümə, kitablarının müəllifidir. Bir çox kitabların redaktoru, ön söz müəllifi və tərtibçisidir. Əsərləri Türkiyə, İran və başqa xarici saytlarda, Moskvada, Praqada dərc olunan toplularda, Azərbaycan ədəbi-bədii jurnallarında və qəzet səhifələrində, almanaxlarda, müxtəlif yerli portallarda nəşr olunub. 2012-2013-cü illərdə baş tutan sayca üçüncü MKM-də (Milli Kitab Mükafatı) 241 müəllif sırasında uzun siyahıya - iyirmiliyə düşüb. Dalbadal iki il məşhur çoxmilyonlu "Proza.ru" portalının "2014-cü ilin yazıçısı", "2015-ci ilin yazıçısı" nominasiyası üzrə nominantı olub. Tanınmış Azərbaycan yazıçısı Eyvaz Zeynalovun "Alın yazısı" ("Prednaçertaniye") romanını, "Qış günəşi" ("Zimneye colntse") povestini və dörd pritçasını rus dilinə çevirib. Müasir rus yazıçılarından Roman Sençin, Dmitri Bakin, German Sadullayev, Aleksandr Xurqin, Yevgeni Mamontov və başqalarının əsərlərini ana dilimizə tərcümə edib. Əsərləri rus, türk, ingilis, ukrayna və b. dillərə tərcümə olunub. Haqqında tənqidi məqalələr, resenziyalar yazılıb. Hal-hazırda Viləş (keçmiş adı Kalinovka) kəndində yaşayıb-yaradır.

Qədiyev Vaqif Əlisa oğlu – şair-publisist 

(Ətraflı “Zabitlər” bölümündə)


Qədiyev Güloğlan Əlisa oğlu 

1953-cü ildə Kalinovka (Viləş) kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutun Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirib. Kənd məktəbində müəllim və dirüktor müavini vəzifələrində çalışıb. Dövri mətbuatda şeirləri və digər yazıları ilə çıxış edir.

Bəşir Kəsərli - şair. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Bakı  şəhərində   şeir kitabları, Respubilka  qəzetlərində  şeirləri  çap  olunmuşdur.

Məmmədov Məmmədağa Əliheydər oğlu – şair.

1953-cü ildə Yardımlı rayonunun Vəlixanlı kəndində doğulub. 1970-1976-cı illərdə Azərbaycan DTİ-da oxuyub. Viləş kənd xəstəxanasında həkim işləyir. 1 şeirlər kitabının müəllifidir.

Qədiyev Elxan Əlisa oğlu 

1961-ci ildə Masallı rayonunun Kalinovka (Viləş) kəndində doğulub. 1982-ci ildə Azərbaycan DPİ-un rəsm və rəsmxət müəllimi fakültəsini bitirib. Elxan Eloğlu imzası ilə mətbuatda çıxış edir. Şeir və təmsillər yazır.

Rzayeva Rəna Əlisa qızı – yazar, Viləş kənd xəstəxanasının Baş tibb işçisi.

1956-cı ildə doğulub. 1976-cı ildə Lənkəran Tibb Texnikumunu bitirib. Kalinovka (indi Viləş) kənd xəstəxanasında işləyir. 6 kitab müəllifidir. “Qızıl Qələm” mükafatı və “Heydər zirvəsi” diplomuna layiq görülüb.  

Rzayev Əli İttifaq oğlu

1981-ci ildə doğulub. 1998-2002-ci illərdə Gəncə DU-nin şərqşünaslıq fakültəsində oxuyub. Misir-Ərəb Respublikasında təhsilini davam etdirmişdir. 5 kitab müəllifidir. Ərəb dilində yazdığı “Xocalıya ədalət” kitabının bir neçə ərəb ölkələrində təqdimatı keçirilib. Misir yazıçısı, Nobel mükafatı laureatı Nəcib Məhfuz və Suriya şairi Nizar Qabbaninin yaradıcılıqlarını tədqiq eləmişdir. 

Kənddə idman:

Mirzəyev Bəhruz şakir oğlu – Avropa çempionu


1988-ci ildə Viləş (Kalinovka) kəndində doğulub. 1995-2004-cü illərdə Kalinovka kənd orta məktəbində oxuyub. 2016-cı ildən Azərbaycan Paraolimpiya oyunlarının BOCCİA idmanına qatılmışdır. O, respublikamızda həmin idman növü üzrə Federasiyanın Milli komanda heyətinin üzvüdür. Bu idman növü üzrə Avropa çempionudur. İtaliya, İspaniya, Xorvatiya, İsrail, Belorusiya və digər ölkələrdə keçirilən yarışlarda iştirak etmişdir.

Kənd xeyriyyəçiləri:

1. Ağayev hacı Allahverdi Ataş oğlu – kənddə bütün xeyriyyə işlərinə rəhbərlik etmişdir.

2. Məmmədov Tural Mahir oğlu – kənddə küçələrin işıqlandırılması işini görmüşdür.

3.  Bədəlov Fətalı Ayaz oğlu – kənd qəbristanlığının salınması və təmirinə xeyriyyəçilik edib.

4. Məmmədov Bəxtiyar Həsən oğlu – kəndiçi yolların təmiri və abadlaşdırılması, Qarabağ şəhidlərinin abidə-kompleksinin hazırlanması onun xeyriyyəçiliyi ilə olmuşdur.

5. Əsgərov İsa İsrafil oğlu – kənd məscidinin tikintisinə yardım etmişdir. 


Viləş kəndi haqqında məlumatların toplanmasında Aliq Nağıoğlu, Ələmov Alim, Axund Allahverdi Ağayev,  Rzayev İttifaq, Həsənov Oqtay, Rüstəmov Fəxrəddin və Babayev Sübhan yaxından kömək etmişlər.

“Masallı ensiklopediyası”nı hazırlayan qrup






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10