Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Video) Masallının ordenli şəhidinin atası:-Naxçıvandan gələn istəklisinin naləsi məni elə yandırdı ki...


Atasının dilindən:-“Onun gözü yaşlı qalan istəklisinin Naxçıvandan gəlib Sahibin qəbri üstündəki naləsini, fəryadını heç cür unuda bilmirəm”

Bu yazımızın səbəbkarının qısa ömür yolunda əsil qəhrəmanlıq tarixi yaşamış Masallının Azərbaycan Bayrağı ordenli şəhidi Sahib Yusif oğlu Şirəliyevdir.

Xatırladaq ki, Qırımızı Bayraq ordeni ölkəmizdə “Zəfər” və “Qarabağ” ordenindən sonra 3-cü ən şərəfli döyüş ordeni sayılır. Bu ordenə bu vaxtadək bizdə olan məlumata görə cəmi 5 masallılı layiq görülüb. 

Şəhid qəhrəmanımız yaxından tanıyaq

Sahibin 25 illik qəhrəmanlıqla dolu həyat yolunu isə statistik məlumatda bir neçə sətrə sığır. 

... Şirəliyev Sahib Yusif oğlu 1995-ci il oktyabrın 18-də, Müstəqilliyimizin bərpa olunduğu gündə Masallı rayonunun Ərkivan qəsəbəsinin Ramazanlı məhəlləsində anadan olub. Daha sonra ailə vəziyyətlərinə görə Bakı şəhərinə köçüblər və Sahib burada Ağdamın məcburi köçkünləri üçün açılmış 28 saylı məktəbdə təhsil alıb. Dərs əlaçısı olub. Cəsurluğu və dəliqanlılığı ilə hələ məktəb illərindən seçilib. Əsas marağı idmanın boks növünə olub. Mütaliəni, xüsusən də Nizami Gəncəvinin əsərlərini oxumağı çox xoşlayıb, hətta özü üçün şəxsi kitabxana yaradıb. Hara gedirddisə, özü ilə bir neçə kitab aparırdı. Heyf ki, onun bir çox kitabları, şəxsi  əşyaları itə-bata düşdü.

Atası və qardaşı nələri xatırlayır?

Atası Yusif kişi:- Sahibin ömür yolu sanki oxunmamış bir romandır. Heyf ki,  hərbi sirr olduğu üçün, demək olar ki, sağlığında olduğu döyüşlərin təfərrüatını bizə danımırdı. Hətta döyüşün ən qızğın vaxtında bizi sakitləşdirib deyirdi ki, biz döyüş gedən yerdən bir az kənardayıq Nümunəvi əsgər kimi Polşaya peşəkar təlimlərə getməyə hazırlaşırdı. Bütün kağız-guğuzu, sənədi-filanı hazır idi.

Qardaşı, 22 yaşlı  Əlini də həyəcansız dinləmək çətin idi: - O olduqca dəyərli qardaş, çoxlarına nümunə olan bir qardaşı idi.

Sahib necə əfsanəvi igid olub. İndi televiziyada yaralanıb tərxis olunan keçmiş xüsusi təyinatlıların söhbətindən Sahibin qoxusun alırıq. Dostları deyir ki, bu əsgərlər nə igidlik edibsə, Sahib bəlkə də bundan 10 qat artığını edib. 12 nəfərlik bir qrupun rəhbəri idi. Müharibə başlanandan sonra özü və komandası, necə deyərlər, döyüşə atılmaq üçün sanki "zəncir qırırdı". Komandiri deyir ki,   Naxçıvandakı hissədən əsgərlərimiz döyüşə növbə ilə, mərhələli şəkildə getdiyindən, Sahibgilin qrupu bir az yubanırdı. Döyüş başlayandan 2 həftə sonra, oktyabrın 10-da hissəyə xəbər verdilər ki, Sahibgilin dəstəsi də döyüşə yollanacaq, təyyarə ilə Naxçıvandan Bakıya uçub oradan da Beyləqan istiqamətindən döyüşlərə qatılacaqla.r. Sahib və dostları   bu döyüşə getdikləri üçün necə sevinirdilər ki, sanki dünyanın ən möhtəşəm toy-bayramına yollanırdılar.

Onunn həyat yolunu araşdıran jurnalist Akif Ağayev deyir ki, yüksək hazırlıqlı olduqları üçün birbaşa Hadrutdan döyüşlərə qatıldılar. “Xaç” adlanan yüksəklik də daxil elə yüksəkləri ələ keçirtdilər ki, ordumuz bundan sonra digər ərazilərə, eləcə də Şuşaya doğru rahatlıqla irəliləyə bildi.

Noyabrda nişanı olacaqdı

Atası Yusif kişi ürək ağrısı ilə söylədi ki, bəlkə də onun ölümündə, şəhidliyindən daha çox məni yandıran, istəklisi, əslən Naxçıvandan olan xanımın Ərkivan qəbiristanlığına gəlib  onun qəbri üstü qopardığı şivən, fəryad oldu.

Təhsil illəri

...Hərb sənətinə hədsiz həvəsi olduğu üçün 8-ci sinifdən Naxçıvan hərbi liseyinə sənəd verib. 200-dən artıq bal toplasa da, arzusu reallaşmayıb.   2013 ildə isə Heydər Əliyev adına Hərbi məktəbə daxil olub. 

2017-ci ildə   Naxçıvan Muxtar Respublikasında   Əlahiddə Ümumqoşun ordusunda xidmətə başlayıb.

Qələbəmizə bir neçə qalmış şəhid oldu

Sahib qələbəmizə bir neçə gün qalmış vuruldu. Noyabrın 4-də ağır döyüşlərdə başından güllə yarası olan Sahibin nəşini bir neçə gün döyüş bölgəsindən çıxartmaq olmayıb. Ailəsi bu faciəli xəbərdən bir həftə sonra xəbər tutub. Noyabrın 14-də Sahib doğma Ərkivan  qəsəbəsində torpağa tapşırılıb.

Sahibin anası Şölə xanımın qəhər, nisgil dolu çıxışını dinləmək adamdan ürək istəyirdi. Şölə xanım deyir ki, lap yaralı gələydi, kaş gələ idi. İtən torpaqları qaytarmaqla minlərlə insanı arzusuna çatdırdı. Amma öz arzusu yarımçıq qaldı. Noyabrda evə gəlin nişan etmək istəyirdi, lakin tabutu gəldi. Dözmək olmurş

Xatirə bulaq

Bu gün isə onun doğum günüdür. Masallı-yardımlı yolunun sol tərəfində, Seyid Sadıq məqbərəsinin yaxınlığında onun xatirəsinə bulaq tikilib. Bulağı atası bir neçə min xərc çəkib öz vəsaiti ilə tiksə də, buradakı 40 metrlik artezian quyusunun qazılmasına ərkivanlı Rusif Kərimov, bulaq ətrafı əraziyə 500 kv.m yaxın asfaltın döşənməsinə iş adamı Qalib Məmmədov, ətrafda   100-ə yaxın ağac və güllərin əkilməsinə bağban İlqar Məmmədov yardımçı olub. Rayon icra hakimiyyəti, yerli sakinlər də mümkün köməkliklərini əsrigəməyiblər.

Onun anım günündə Sahibin xatirəsinə inşa edilən bulağın açılışında Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov və rayonun digər məsul şəxsləri iştirak və çıxış edib.

Tədbirin son unda onun məzarı ziyarət olunub, evində ehsan süfrəsi açılıb.

Sahib  Şirəliyev ölümündən sona Azərbaycan Bayrağı ordeni və “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları

Şəhid Şirəliyev Sahib barəsində Cənub Xəbərtv maraqlı verliş hazırlayıb. Verlişin linki burda:

Zahir Əmənov. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10