Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikin “FƏXİGİS” türbəsi


     Qadın və kişi olduğu dəqiq bilinməyən Fəxigiz adlı  ziyarətgah üzərində Masallı şəhərində yaşamış, əslən çayrudlu hüquq işçisi Daşdəmir İbrahim oğlu Bəhmənovun şəxsi vəsaiti hesabına usta Firdovsi Zəkiyev 1990-cı illərin əvvəllərində  məqbərə tikilmişdir. 

Lerik rayonunun çoxsaylı  ziyarətgahlarından biri Fəxigis türbəsidir. Türbə rayonun Çayrud (Çayru) kəndində, Tıbəbın adlanan yerin yuxarısında, köhnə qəbiristanlıq ərazisində yerləşir. Ziyarətgah Fəxigis və ya Fəxrigiz adlandırılır. Buradakı  qəbir ziyarət olunur. Qəbri ziyarət olunan şəxsin adı Fəxigis və ya Fəxrigiz kimi qeyd edilir. Fəxigis/Fəxrigizin cinsiyyəti ilə bağlı fikirlər də yekdil deyildir. 

    Samir Kərimov türbənin Fəxrigiz (Fəxrinisə) adlanan qadının adı ilə bağlı olduğunu yazdığı halda (Lerik rayonunun arxeoloji abidələri. B., 2006, səh. 96), araşdırmaçı Rauf Abdullayev onun hürufi xəlifəsi Şeyx Həsən Fəxrəddinin (Fəxi) adı ilə bağlı olduğunu ehtimal edir (Çayrud türbələri. “Dodo” qəzeti, Yanvar 2020).
    Qeyd edək ki, yerli sakinlər Fəxigis/Fəxrigizin qadın olduğunu söyləyirlər. Bu Fəxigis/Fəxrigizə qoyulmuş başdaşında da öz əksini tapmışdır. Başdaşında ərəb əlifbası ilə Azərbaycan dilində yazılmış

           Bu dağlar ulu dağlar,
           Çeşməli-sulu dağlar.
           Burada bir seyyidə ölmüş,
           Göy kişnər, bulud ağlar.

Bayatısı ilə yanaşı sonda “Fəxrigis bibi Pirin bacısı” sözləri də həkk olunmuşdur.

   Fəxigis/Fəxrigiz türbəsi haqqında ilk arxeoloji məlumatı İ. Əzimbəyov vermişdir. O, 1925-ci ilin payızında türbənin ərazisində olmuş və burada 3 qəbir üzərində 2,05 x 1,5 m ölçüdə yazısız, həndəsi ornamentli baş daşı olmasını qeyd etmişdir (Samir Kərimov.  Adı qeyd olunan kitab. Səh. 96).

    Masallı şəhərində yaşamış, əslən çayrudlu hüquq işçisi Daşdəmir İbrahim oğlu Bəhmənovun şəxsi vəsaiti hesabına 1990-cı illərin əvvəllərində usta Firdovsi Zəkiyev tərəfindən ziyarətgah üzərində məqbərə tikilmişdir. 

Mqbərənin ölçüsü 4 x 5 metrdir. Məqbərənin bir qapısı, sağ və sol tərəflərdə yerləşməklə iki kiçik pəncərəsi vardır. Məqbərənin tavanı taxtadan, dam örtüyü dəmir təbəqədəndir. Məqbərənin daxilinə və çöl hissəsinə suvaq çəkilmiş, üzərinə emusiya sürtülmüşdür. 

    Fəxigis/Fəxrigiz türbəsi XV – XVI əsrlərə aid olunur. Yuxarıda qeyd olunduğu kimi türbə köhnə qəbiristanlıq ərazisində yerləşir. Burada köhnə başdaşılar qalmaqdadır. Eyni zamanda qəbiristanlıqda daş qoç fiqurları da olmuşdur. 

Daş qoç fiqurlarının müəyyən qismi sındırılmış, bir qismi də 1990-cı illərin əvvəllərində hansısa qüvvələr tərəfindən oğurlanmışdır.  Türbə də daxil olmaqla qəbiristanlığın müəyyən hissəsi dəmir torla (setka) çəpərə alınmışdır.

    Türbə dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşdiyindən oradan Lənkəran şəhərini, Xəzər dənizini görmək olur.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən Fəxigis/Fəxrigiz türbəsi “Türbə” adı altında 4787 invertar sayı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi qeydə alınmışdır.

    P.S. Qeyd edək ki, Lənkəran rayonunun Horavenc kəndində Fəxigis adına oxşar “Amigis” adında ocaq da vardır.

                                                                                         İldırım ŞÜKÜRZADƏ,
  Lənkəran rayonunun Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10