Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nikolayın polkovnik, Stalinin marşal rütbəsi verdiyi Şapoşnikov – kommunistlərdən çarın qərargah rəisinə böyük etimad


O, çar Rusiyasının, imperator ordusunun peşəkar və ən bacarıqlı hərbçilərindən biri sayılıb. Ali hərbi təhsil alan Boris Şapoşnikov çar dövründə polkovnik rütbəsini daşıyıb, 2-ci Nikolayın əmri ilə Türküstan diviziyasının qərargah rəisi vəzifəsinə təyin edilib. Çar ordusunda xidmət etdiyi illərdə Şapoşnikov ən yüksək dövlət mükafatları ilə təltif olunub. Sovet hökumətinin qurulması isə onun imperator ordusundakı sürətli hərbi karyerasına son qoyub.

Həyatını hərb sənətinə bağlayan Şapoşnikov Oktyabr inqilabından sonra bir müddət Kazanda xalq məhkəməsində katib işləyib. Amma 17 il hərbi təcrübəsi olan zabit məhkəmə kargüzarlığında kağızların arasında vaxt keçirməyi özünə rəva bilməyib və İnqilab Komitəsinə qızıl orduda xidmət etmək istəyi ilə bağlı müraciət  ünvanlayıb:

“...Yeni ordunun yaranması məsələsi məni çox maraqlandırır. Bir təcrübəli hərbçi kimi çox istərdim ki, öz bilik və bacarığımla bu vacib məsələdə yaxından iştirak edim...”

Sözsüz ki, Şapoşnikovun yeni qurulmuş hökumətə bu cür müraciəti cürət tələb edib. Kubanda, Uralda və digər bölgələrdə vətəndaş müharibəsinin qızğınlaşdığı bir vaxtda, imperator ordusunun zabitinin sovetlərə müraciəti təəccüblü görünüb. Digər bir tərəfdən dini qəbul etməyən sovet hökumətinə qatı  dindar olan polkovnikin müraciəti müəyyən şübhələr də doğurub. Bu müraciət həmçinin Şapoşnikovun keçmiş həmkarları üçün də qaranlıq qalıb.
Şapoşnikovun müraciətinə münasibət fərqli olsa da, sonda Mixail Tuxaçevskinin rəyi əsas qəbul edilib: “Boris Şapoşnikovun kristal ürəyi və ağıllı başı var...”

Digər bir tərəfdən yeni yaradılan sovet ordusunda peşəkar hərbçilərə böyük ehtiyac duyulub.
Beləliklə, Boris Şapoşnikov 22 may 1918-ci ildən Qızıl orduda xidmətə başlayıb və çox qısa müddət ərzində öz hərbi bacarığını və peşəkarlığını nümayiş etdirməyi bacarıb.

Xidmətə qərargah rəisinin köməkçisi vəzifəsindən başlayan Boris Şapoşnikov vəzifə pillələrində sürətlə irəliləyib. 1940-cı ildə marşal rütbəsi alan çar polkovniki 1941-ci ildə Baş Qərargahın rəisi vəzifəsinə təyinat alıb. Onun bu vəzifəyə təyinatı birbaşa İosif Stalinin təşəbbüsü ilə baş tutub.

Şapoşnikova yüksək hərbi vəzifələr həvalə edilsə də, o, daimi olaraq sovet xüsusi xidmət orqanlarının nəzarətində saxlanılıb. 1930-cu illərin sonlarında “Böyük təmizilik” və repressiya illərində “NKVD” başçısı Nikolay Yejov Şapoşnikovu da “qara” siyahısına salanda Stalin onu xilas edib.

Şapoşnikov sovet-alman müharibəsinin ən ağır dövründə, 1941-1942-ci illərdə Baş Qərargaha rəhbərlik edib, daha sonra müdafiə komissarının (nazirinin) müavini vəzifəsində işləyib. 1943-cü ildə Şapoşnikov Voroşilov adına Ali Hərbi Akademiyaya rəis təyin edilib.

SSRİ-də silahlı qüvvələrin formalaşmasında və təkmilləşməsində marşal Boris Şapoşnikovun xüsusi xidmətləri olub. Müasirləri marşalın xidmətlərini yüksək qiymətləndiriblər;

Marşal Aleksandr Vasilevski: Boris Şapoşnikovun ordu quruculuğundakı xidmətləri danılmaz faktdır. Ömrünü bütövlükdə hərb sənətinə həsr edən Şapoşnikovdan biz hərbin çox sirlərini öyrənmişik. O talantlı hərbçi kimi təkcə SSRİ-də deyil, xarici ölkələrdə də böyük nüfuza sahib idi.
Vyaçeslav Molotov: Boris Şapoşnikov sözün əsl mənasında yaxşı insan idi. Stalin ona olduqca xoş münasibət bəsləyirdi. Onun ən üstün cəhətlərindən biri də o idi ki, o əsl hərbçi olaraq siyasətə qoşulmurdu, öz üzərinə düşən vəzifələri isə yüksək səviyyədə icra edirdi.
Ordu generalı Sergey Ştemenko: Marşal Şapoşnikovun xarakterində ən ali insani keyfiyyətlər cəmlənmişdi. O, danlamağı, təhqir etməyi, alçaltmağı bacarmırdı. Hətta onun hansısa bir əmrini düzgün yerinə yetirməyəndə, o, çox mehriban tərzdə hər şeyi yenidən başa salırdı. Birgə xidməti illərimizdən mən marşal Şapoçnikovdan çox şeylər öyrənmişəm. Xüsusilə də qərargah mədəniyyətini.
İosif Stalin də Şapoşnikovun xidmətlərini yüksək qiymətləndirib. Kommunistlərin rəhbəri marşalın dindarlığını da qəbul edib. Şapoşnikovun çıxışlarının birindən sonra Stalin ona yaxınlaşaraq “bu rəsmi çıxış idi, indi isə gəl Allaha dua edək ki, qələbə bizimlə olsun” deyib.

Boris Şapoşnikov sovet-alman müharibəsi dövründə vəfat edən yeganə marşal olub. Vərəm xəstəliyindən əziyyət çəkən marşal qələbəyə 44 gün qalmış, 26 mart 1945-ci ildə vəfat edib. Şapoşnikovun dəfn mərasimi ilə bağlı Stalinin xüsusi əmr imzalayıb. Hərbi şərəflə dəfn olunan marşalın yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.

Qeyd edək ki, Boris Şapoşnikov həm çar, həm də sovet ordusunda yüksək vəzifə tutan hərbçilərdən biri sayılıb və o , yeganə şəxs olub ki, Nikolaydan polkovnik, Stalindən marşal rütbəsi alıb.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10