Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Videolar) Cəmiyyətin “xoş xassəli” xərçəngi - erkən nikah - Zahir Əmənovun təqdimatında (1-ci yazı)


 2 il öncə 9-cu sinifdə təhsil alan 1065 qızın cəmi 492 

nəfəri (-573)11-ci sinfə qədər gəlib 

Son illərin ən  “xoş xassəli” yarasına çevrilən erkən nikahlarla bağlı az qala yüzlərlə tədbir keçirilsə də, digər maarifləndirmə, cəzalandırma işləri görülsə də, problem hələ də aktuallığını saxlayır. Çünki hələ də erkən nikah qurbanları var. Və hələ də azyaşlılara nikaha girmək istəyən insanlar kifayət qədərdir.Elə bu günlərdə ATV kanalında bir qadının etirafları yayıldı. O bildirdi ki, 14 yaşı olanda 44 yaşlı imkanlı bir adama ərə gedib. Əvvəllər əri ona çox yaxşı baxsa da, əri vəfat etdikdən sonra çətin duruma düşüb.





Erkən nikah qurbanlarında birinin hekayəti

Gülnaz Əliyeva :- Mənim hələ 15 yaşım yox idi. Məktəbə də getmirdim. Çox kasıb yaşayırdıq. Anam da, atam da ağır xəstə idi. Çıxış yolu kimi məni imkanlı bir adama ərə verməkdə gördülər. Hətta belə bir adamı özləri axtarıb tapdılar. Həmkəndlimiz idi. Amma Rusiyada yaşayırdı. Cehiz-filan da istəmirdi. Ortabab bir toy da elədi. Məndən 23 yaş böyük idi. Məni özü ilə Rusiyaya apardı. Bəlli oldu ki, orada da bir arvadı var. Gününün çoxu həmin qadının evində keçirdi.  3 il birgə yaşasaq da, evə ayda 1-2 dəfə gəlirdi. Bir az ərzaq verib gedirdi. Deyirdi, atan səni mənə satıb, atana pul vermişəm. Sonra məni evdən qovdu. Oradakı azərbaycanlılar pul yığıb 2 uşaqla birgə məni kəndə yola saldılar. Artıq atam ölüb. İndi gəlib Bakıda səhər 8-dən axşam 10 qədər qab yuyur, zir-zibil daşıyıram ki, bir təhər dolanım.

 

“Təmiz qız”, yaxud “ev qızı” axtarışı

Yazının əsas hədəfi cənub bölgəsində erkən nikahlardır. Burada isə bir sıra adətlər çox sərtdir. Necə deyərlər, “təmiz qız”. “ev qızı”axtarışında olan gənclər, xüsusən də Rusiyada və başqa ölkələrdə yaşayan azərbaycanlılar belə düşünürlər ki, nə qədər azyaşlı “ev qızı”  alsalar, o daha təmiz, daha saf, “yad əli” toxunmayan qız olar. Eləcə də valideynlər düşünür ki, “qız yükü duz yüküdür, ondan nə qədər tez azad olsan, o qədər yaxşıdır”. Belə xoşagəlməz hallara şərait yaradan hallardan biri, hələ də,  bəzi yerlərdə qədimdə  “göbəkdəsdi” deyilən mənfi ənənənin az da olsa qüvvədə qalmasıdır. Belə ki, qız uşağı anadan olanda, yaxud aşağı sinifdə oxuyanda onu həmyaşıdı olan qohumunun, yaxud dostunun oğluna “ad edirlər” ki, bu uşaqları böyüyəndə  bir-birinə ər-arvad edəcəklər. Bəzən də, o qədər tələsirlər ki, həmin qız uşağının hələ 9-10 yaşı olanda onu oğlan evinə aparıb, 2-3 il  “qonaq” saxlayıb,  sonra bəyin yanına gəlin kimi göndərirlər. Hətta belə bir qara yumor da var idi ki, nalçanı azyaşlı qıza at, yıxılmasa.  ərə gedə bilər.

2000-2016-ci illərdə bu sahədə vəziyyət çox acınacaqlı olub

Həmin 16 il ərzində Azərbaycanda yaşı 16-dək olan qadınlar tərəfindən doğulan uşaqların sayı 6 dəfə, 16 yaşda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 2 dəfə artıb. Statistikaya nəzər salaq:

Bu rəqəmlər hökuməti həyəcan təbili çalmağa məcbur edib. Belə ki, 2011-ci ildə Azərbaycanda ailə quran oğlan və qızların nikah yaşı 18-ə qaldırılıb. Bundan əlavə mütəmadi olaraq, bütün istiqamətlərdə  təbliğat işləri aparılıb, bu işə rəvac verənlər ciddi cəzalandırılıb. Problem tam aradan qaldırılmasa da inzibati və ictimai nəzarət artırılıb. Yekunda bu sahədə nisbətən irəliləyişlər yaranıb.

Göründüyü kimi, 2009-2011-ci illərdə nikaha girən qızların sayı ölkə üzrə 4-5 min nəfər olubsa, hökumət yaş həddini 1 il artırandan sonra isə bu rəqəm nəzərəçarpacaq dərəcədə azalaraq 2951-ə enib. Bu azalma sonrakı illərdə də davam edib. (2014-ci il istisna olmaqla).

Digər bir məqam da maraqlıdır. Əgər 2000-ci ilin ortalarında 18 yaşa qədər nikaha girən oğlanların sayı 45-50 arasında olurdusa, yaş fərqi qaldırılandan sonra bu rəqəm az qala sıfıra enib.

Bəs 18 yaşa qədər icazəli nikahların sayı nə qədərdir? Cənub rayonları üzrə statistik məlumatlar araşdırılarkən məlum olub ki, ən çox icazəli nikahlar, yəni 17 yaşı tamam olan gənclərə həmin yaşda nikaha girmək üçün razılıq məktubu Masallıda verilib - 25 nəfərə (1 nəfərin müraciəti rədd edilib.) Həmin müddətdə əhalisi Masallıdan çox olan Lənkəranda 6, Masallıdan əhalisi qismən az olan Cəlilabadda 7, əhalisi Masallıdan 2 dəfədən də az olan Astarada isə cəmi 1 nəfərə razılıq məktubu verilib.

Masallıda rəsmilər bunu onunla izah edirlər - hər şey aşkar və qanuni olsun, kimlərsə  rəsmi nikahdan kənar ailə qurmasınlar.

BMT-nin uşaq fondu nədən narahatdır?

Qeyd edək ki, BMT-nin Uşaq Fondu yaydığı hesabatda Azərbaycanda, xüsusən cənub bölgəsində  həddi-buluğa çatmayanlar arasında nikahların sayının artmasından narahatlığını bildirib. Hesabata görə, Azərbaycanda aparılan araşdırmalar burada hər səkkiz nəfərdən birinin on səkkiz yaşına çatmamış evləndiyini və ya ərə getdiyini ortaya qoyub. Bunun qarşısının alınması üçün xüsusilə bölgələrdə iş aparılması, yeniyetmələrin maarifləndirilməsi lazımdır.


Doğrudanmı, 30-35 yaşlı qızlar “qarımış” qızlardır?

Nikah yaşı “cavanlaşdıqca”, 30-35, bəzən 27-28  yaşlı qızlara da vaxtı keçmiş qızlar kimi baxır. Yaxşı ki, belə düşünənlər çox deyil.  Bu barədə statistik məlumatlar mövcud  olmasa da, ən təxmini hesablamalardan görünür ki, bölgələrdə, xüsusən ucqar kəndlərdə ailə qurmayan, dində “rəşidələr”, el arasında isə “qalmış qız” kimi adlandırılan qızların sayı kifayət qədər çoxdur.

 Bu barədə növbəti- tənha qadınlarla bağlı yazıda ətraflı söhbət acacağıq.


Hansını seçməli - təhsil, iş,yaxud ərə getmək?

1-ci hissənin sonu - davamı var







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10